Putinin güvəndiyi general da “təslim oldu” - Surovikinin etirafı

Putinin güvəndiyi general da “təslim oldu” - Surovikinin etirafı

Vladimir Putinin Ukrayna işğalına başçılıq etmək üçün təyin etdiyi general Sergey Surovikinin etirafı gündəm olub.

 

Sfera.az bildirir ki, yeni vəzifəyə təyin olunduqdan sonra ilk dəfə Rusiya dövlət televiziyasına danışan general Xerson şəhərinin çətin vəziyyətdə olduğunu və mülki əhalinin təxliyə ediləcəyini deyib: “Rusiya ordusu təxliyyənin təhlükəsiz keçməsini təmin edəcək”. 

 

Surovikin verdiyi açıqlamada həmçinin  “Xüsusi əməliyyat bölgəsində vəziyyət gərgindir” deyə söyləyib. Ukraynanın bölgədə tez-tez raket hücumları həyata keçirdiyini ifadə edən Surovikin, körpünün və bəndin zədələndiyini, bunun da qida, su və elektrik paylamasında fasilələrə səbəb olduğunu bildirib.

 

Dünya mətbuatında isə vurğulanıb ki, komandirinin meydandakı böyük problemləri qəbul etdiyi barədə açıqlamaları yerli hakimiyyət orqanları tərəfindən də təkrarlanır. Belə ki, Rusiya tərəfindən təyin edilmiş yerli məmur Kirill Stremousov da bildirib ki, Ukrayna qoşunları yaxın vaxtlarda şəhərin mərkəzinə hücuma başlaya bilər. “Telegram” mesajında Stremousov Dnepr çayının qərbində yaşayanların xüsusilə risk altında olduğunu qeyd edib və  "Dediklərimi ciddi qəbul edin. Mən mümkün qədər tez evakuasiyadan danışıram", deyə yazıb.

 

Xatırladaq ki, Xerson fevral ayında başlayan hücumdan sonra Moskvanın ələ keçirdiyi ilk böyük şəhər olub. Ukrayna qoşunları bir neçə həftədir ki, tədricən Xersonun şimal və qərbindəki torpaqları ələ keçirir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR