Bunları bilsəniz, uşaqlarınızı telefondan uzaq tutarsınız – Oftalmoloqdan açıqlama

Son dövrlərdə istər azyaşlılar, istərsə də şagirdlər arasında smartfon və planeştlərdən istifadə geniş yayılıb. Bəzən valideynlər də uşaq səs salmasın, başı qarışsın deyə övladına mobil telefon verirlər.
Bəs, smartfon və planşetlərin azyaşlıların gözünə hansı zərərləri var?
Bununla bağlı Sfera.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim-oftalmoloqu Səfurə Acalova deyib ki, bu gün uşağını göz həkiminə gətirən valideynlərin əksəriyyəti mobil telefonlardan şikayətçidir.
“Smartfonların uşaqların psixologiyası ilə yanaşı, gözünə də mənfi təsirləri var. Müasir dövrdə bu cihazları tamamilə uşaqlardan uzaqlaşdırmaq mümkün deyil, amma müəyyən qədər gözlənilən ziyanları minimuma endirmək olar. İlk növbədə uşağın telefon, planşet və yaxud kompüterlə arasında olan məsafəyə diqqət yetirmək, ekranın parlaqlığını gözü qıcıqlandırmayacaq səviyyədə tənzimləmək lazımdır. Uşaqların bu cihazlardan istifadə etməsi ilə bağlı çox qısa zaman intervalları müəyyənləşdirilməlidir. Valideynlər mütləq bu məqama diqqət yetirməlidir!”.
Mütəxəssis qeyd edib ki, monitora fasiləsiz baxan uşaqlarda göz qırpma sayı azalır:
“Bu isə “quru göz” sindromunun yaranmasına səbəb olur. Belə uşaqların gözlərində qızarma, yanma, kirpik dibinin ikitərəfli residivləşən iltihabı müşahidə edilir. Həmçinin, uzun müddət smartofona baxan və eynəyə ehtiyacı olan uşaqlarda görmə daha da zəifləyir, eynəyin dərəcəsi sürətlə artır. Qaranlıq yerdə smartfona baxmaq isə daha ciddi fəsadlara səbəb olur. Çünki texnoloji cihazların mavi şüası göz sinirini gərginləşdirir. Göz siniri gərginləşdikdə isə uşaqlarda baş ağrısı yaranır. Həmçinin, uzun müddət ultra-bənövşəyi şüalara məruz qalan uşaqların gözündə katarakta yaranma riski də artır. Bütün hallarda uşaqlarla bu cihazlar arasında müəyyən sərhədlər qurmaq lazımdır. Əks halda gələcəkdə fəsadları ağır olur”.
Günay Rəsulqızı