Belarus Polşaya hücum edəcək? - Valeri Revenkonun təhdidi

Belarus Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Valeri Revenko dünən çıxışı zamanı deyib ki, Minsk hücumun qarşısını almaq və ya silahlı münaqişəni zərərsizləşdirmək üçün strateji çəkindirmə üzrə qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır.
O, bildirib ki, Belarus bütün mövcud vasitələrdən, o cümlədən hərbi gücdən istifadə etməklə milli maraqlarını müdafiə edəcək. Valeri çıxışında Polşaya da işarə edib: “Rəsmi Minski Polşanın Müdafiə Nazirliyinin yaxın 3-10 il ərzində müharibəyə başlamağa hazır olması ilə bağlı bəyanatları fonunda adıçəkilən ölkənin hərbi potensialını artırması narahat edir”.
Maraqlıdır, yaxın zamanlarda Polşa ilə Belarusun toqquşması gözləniləndirmi?
Bununıa bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ümumiyyətlə, Ukrayna savaşı fonunda Belarusiyanın da müharibəyə cəlb edilməsi daim masada olan məsələlərdəndir:
“Hazırkı müstəvidə Belarusla Rusiya arasında müəyyən hərbi birləşmə yaradılıb. Ümumiyyətlə, Ukrayna ordusunu parçalamaq üçün Belarus vasitəsilə Ukraynanın şimalında ikinci cəbhə açmaq Rusiyanın strateji planlarından biridir. Ona görə də Valeri Revenko Polşanın müəyyən hücumlarından sığortalanmaq üçün qabaqlayıcı açıqlamalar verir. Amma Belarusun Polşaya hücum etməsi istisnadır. O, buna gedə bilməz”.
Müsahibimiz qeyd edib ki, Belarus Polşaya hücum edərsə, NATO-ya açıq müharibə elan etmiş olar:
“Bu ölkənin hazırkı siyasi vəziyyəti ciddi şəkildə böhranlıdır. Çünki Rusiya tərəfindən müharibədə iştirak etməsi üçün təzyiqlər var. Belarus tərəfi manipulyasiya edir, qonşu dövlətləri, xüsusilə Polşanı təhdid edir. Hesab edirəm ki, Lukaşenko müəyyən dərəcədə birbaşa müdaxilədən yayınmağa çalışır. Əgər belə müdaxilə olarsa, əlbəttə, Polşanın da Minskə hücumu mümkündür. Ümumiyyətlə, Belarus müharibədə iştirak etməzsə, neytrallığını qoruyarsa, ona hər hansı xarici təzyiq norması gözlənilmir”.
Günay Rəsulqızı