İran sanksiyalar fonunda bu qədər dronu necə istehsal edib? – Açıqlama

Son günlər rusiyalı işğalçıların Ukraynaya İran kamikadze-dronları ilə hücum etməsi də əsas müzakirə mövzularındandır. Bundan öncə bu ölkə Ermənistanı da həmin silahlarla təmin edib.
Maraqlıdır, uzun illərdir Qərbin sanksiyaları altında olan İranın ballistik raketlər və kamikadze-dronlar istehsal etmək üçün texniki imkanları haradandır? İran sanksiyalardan necə yan keçə bilib?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, İranın Azərbaycan-Ermənistan münaqişəsində Ermənistanı dəstəkləməsi bizim üçün olduğu qədər Qərbdə müəyyən dairələrə də yaxşı məlumdur:
“Lakin bu dairələr bir dəfə də olsun, İran-Ermənistan hərbi əməkdaşlığı mövzusunu müzakirə masasına çıxarmayıb və bu iki dövlətə zəruri xəbərdarlıq edilməyib. Çünki onlar Azərbaycana qarşı əməkdaşlıq edirdilər, Qərb Azərbaycan və Türkiyənin adı gələndə Ermənistanın bütün qanunsuzluqlarını və beynəlxalq hüququ pozması hallarını qulaqardına vurur. Vaxtında İranın Ermənistana silah satışının qarşısını almadıqları üçün bu gün həmin ölkə Qərb üçün Ukraynada apardığı müharibədə böyük problemlər yaradır. Onlar indi ciddi narahatdırlar və İranı tənbeh etməyə çalışırlar.
Amma bu, sonradan atılan daşdır və indi İranın dronlarının Rusiya tərəfindən istifadə edilməsinin qarşısını almaq olduqca çətindir. Çünki bəzi mənbələrin verdiyi məlumata görə, bu dronlardan Rusiyada artıq yetərincə ehtiyat yaradılıb və sayı 2400-ə çatır. Təbii ki, bu dronların Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir edəcəyini düşünmək düzgün olmazdı. Amma Rusiya tərəfindən İran dronlarının istifadəsi nəticəsində Ukrayna tərəfinin ciddi itkilər verdiyi artıq təsdiq olunur”.
Müsahibimiz bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyalar heç də Rusiya, Şimali Koreya və Çin kimi ölkələri ona müxtəlif silahları verməkdən qoruya bilmir:
“İran məhz bu ölkələrin yardımı və bu ölkələrdən idxal etdiyi ikili texnologiya sayəsində müəyyən nəticələr əldə edə bilib. Digər tərəfdən, müasir hərbi texnologiyalarla müqayisədə İranın istehsal etdiyi silahlar heç də yüksək səviyyədə qiymətləndirilə bilməz. Rusiyanın İran dronlarından istifadə etməsi isə onun silah ehtiyatının həqiqətən bitmək üzrə olduğunu sübut edir. İranın mütəmadi olaraq Rusiyanın müxtəlif məqsədlər üçün istifadə olunan dronlarla təchiz etməsi mümkün deyil və yaxın günlərdə bu dronların fəaliyyətinin kəsilməsinin şahidi olacağıq. Digər tərəfdən isə İrana qarşı getdikcə artmaqda olan təzyiqlər öz nəticəsini göstərəcək”.
Günay Rəsulqızı