Çılpaq miqrantlar dünya gündəmində - Beynəlxalq Təşkilatlar məsələyə qarışdı

Yunanıstan Türkiyə sərhədi yaxınlığında qeyri-qanuni yolla sərhədi keçməyə çalışan 92 miqrantı çılpaq vəziyyətdə xilas etdiyini bildirib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Yunanıstan baş verən hadisədə Türkiyə tərəfini günahlandırıb.
Ötən gün Yunanıstanın Miqrasiya naziri Notis Mitarakis sosial media hesabında soyundurulmuş bir qrup qaçqının fotosunu paylaşaraq:
“Bu gün Türkiyə sərhəddində xilas etdiyimiz 92 miqranta münasibət sivilizasiya adına utancvericidir. Biz Ankaranın insidenti araşdıracağını və nəticədə Aİ ilə sərhədlərini qorumasını gözləyirik” - yazıb.
Türkiyə Prezident Kommunikasiyalar Direktoru Fahrettin Altun öz növbəsində “Yunanıstandan qaçqınlara qarşı qeyri-insani münasibətdən, onlara qarşı əsassız ittihamlardan bir an əvvəl əl çəkməsini istəyirəm. Türkiyə olaraq bütün bunlara son qoymağa və ciddiliyə dəvət edirik”. ifadəsini işlədib.
Daxili İşlər Nazirliyinin sözçüsü İsmail Çataklı da Yunanıstana sərt reaksiya verib. Çataklı Mitaraçinin iddiaları ilə bağlı “Manipulyasiya və saxtakarlıq üçün deyil, insan hüquqlarını qorumaq üçün üçün vaxt ayırın. Bir az mədəni olun” - deyib.
Avropa İttifaqının sərhəd agentliyi “Frontex” də belə bir hadisənin mövcudluğunu təsdiqləyib. Təşkilatın mətbuat katibi Paulina Bakula: “Frontex əməkdaşları miqrantların demək olar ki, çılpaq, bəzilərinin isə gözlə görünə biləcək yaralarla aşkarlandığını bildiriblər”- deyə qeyd edib.
Paulina Bakula həmçinin “Frontex”zabitlərinin miqrantlara təcili yardım göstərmək üçün Yunanıstan hakimiyyəti ilə birgə işlədiyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı mühacirlərin vəziyyətindən son dərəcə narahat olduğunu vurğulayaraq, məsələ ilə bağlı araşdırma başlanılmasının lazım olduğunu açıqlayıb. BMT Qaçqınlar üzrə Ali Komissarlığı da mövzu ilə bağlı verdiyi açıqlamada Yunanıstan-Türkiyə quru sərhədində paltarları soyularaq tapıldığı bildirilən 92 nəfərlə bağlı hesabatdan dərin kədərləndiklərini bildirib.
“İNSAN HÜQUQLARI POZULUR”
Berlində yerləşən insan haqları qrupu Mare Liberum da hadisəyə reaksiya verib. Təşkilat “Twitter”də paylaşdığı yazıda Türkiyə və Yunanıstanı “insan hüquqlarının pozulması”nda ittiham edib.
"Bu cinayətlər hökumət üzvləri tərəfindən açıq şəkildə araşdırılmalıdır. Qalmaqal Türkiyə və Yunanıstan arasında uzun sürən münaqişəni alovlandırmağa xidmət edir" - deyə bildirib.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın miqrasiya naziri Mitorakisin sözlərinə:
"Yunanıstan kimi ən ədalətsiz vəziyyətdə belə haqlı görünməyə çalışmaq üçün həyasız və laqeyd olmaq lazımdır" - deyə münasibət bildirib.
Aynil