Pekinin “Tayvan planı”: İlon Mask da dəstəkləyir..

“Pekin Tayvanı nə yolla olur-olsun, Çinə birləşdirməyə çalışacaq”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, ötən gün keçirilən Çin Kommunist Partiyasının 20-ci qurultayında hazırki sədr Si Sinpinin çıxışını xatırladıb:
“Si Sinpinin çıxışındakı əsas mövzulardan biri Tayvan idi. Onun sözlərinə görə, Çin milli və təhlükəsizlik maraqlarını qorumaq bacarığına malikdir: “Əsas hədəfimiz Tayvanı sülh şəratitində ölkəmizə birləşdirməkdir. Ancaq bu alınmasa güc yolunun tətbiqindən də imtina etmirik. Tayvanın müstəqilliyini qəbul etmirik, separatçılığa qarşı mübarizəmiz davam edir. Separatçılara və Tayvanın müstəqilliyinə dəstək verən qüvvələrin təxribatına qarşı mübarizəmizi davam etdirəcəyik”. Si Sinpin Tayvanı Çinin materik hissəsinə birləşdirmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini də bildirib. Bu isə, sülh yoluyla alınmayacaq”.
Ekspert qeyd edib ki, Pekin güc variantını nəzərdən keçirəcək:
“Ancaq bu, Pekinin Vaşinqtonla qarşıdurmasına gətirib çıxaracaq. Digər tərəfdən, milyarder amerikalı iş adamı İlon Mask Tayvan adasının Honkonq nümunəsində adanın Çinə birləşdirilməsini təklif edib. Mask hesab edir ki, Tayvan uğrunda mübarizə dünyaya baha başa gələcək. Maskın narahatlığı həm də biznesiylə əlaqəlidir. Maskın Şanxayda “Tesla” zavodu var və bu müəssisə böyük gəlir gətirir və o, bunu itirmək istəmir”.
Günay Rəsulqızı