Füzuli şəhərində ilk məskunlaşma bu tarixdə olacaq - Millət vəkili AÇIQLADI

Füzuli şəhərində ilk məskunlaşma növbəti ilin payız aylarında olacaq.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı millət vəkili Vüqar Bayramov açıqlayıb.
Millət vəkili qeyd edib ki, şəhərin baş planı hazırdır. Onun məlumatına əsasən, plana görə, növbəti 20 ildə Füzuli şəhərinin əhalisi 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq.
V.Bayramovun məlumatına əsasən, şəhər qabaqcıl standartlara uyğun salınacaq:
“Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək.
Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzulidə ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız çoxmərtəbəli binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək”.
V.Bayramov bildirib ki, kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonun Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhfə verəcək. Millət vəkili Füzuli rayonunun yalnız arqar və xidmətlər deyil, eləcə də sənaye, nəqliyyat və logistika və eləcə də turizm sahəsində xüsusi üstünlüklərə malik olduğunu söylədi.
Vasif,
Sfera.az