Danimarka Baltikyanı ölkələrdə hərbi vəziyyət elan etməyə çağırır

Danimarka rəhbərliyi noyabrın 1-nə təyin edilmiş parlament seçkilərindən sonra Baltik dənizində hərbi vəziyyətin gücləndirilməsi məsələsini müzakirə etməyə hazırlaşır.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Danimarka radiosu məlumat yayıb.
Ölkənin baş naziri Mette Frederiksen hesab edir ki, Aİ birliyinin gələcək müdafiə sazişində Baltikyanı ölkələrə daha çox diqqət yetirilməlidir.
“Biz Baltik dənizi regionunda baş verənlər haqqında daha çox informasiyaya malik olmalıyıq. Buna görə də Danimarka hökuməti dəniz üzərində nəzarət və hərbi vəziyyətin gücləndirilməsinə diqqət edəcək”- deyə Frederiksen bildirib.
Danimarka radiosunun iddiasına əsasən bu təklif “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən fövqəladə vəziyyətdən sonra yaranıb.
Xatırladaq ki, Danimarka silahlı qüvvələri son altı ayda öz hava məkanı və dəniz sərhədlərinin pozulması ilə bağlı dəfələrlə bəyanat yayıb. Danimarka tərəfi Şimal dənizindəki qaz yataqları yaxınlığında pilotsuz təyyarələrin fəaliyyətini aşkar etdiyini açıqlamışdı.
Aynil