İsveçrədə Rus abidəsi murdarlanaraq təhqir olundu

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova İsveçrədə general Suvorovun xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına görə ölkənin hakimiyyət orqanlarını sərt tənqid edib.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Xarici İşlər Nazirliyi İsveçrəyə etiraz notası göndərib.
O bildirib ki, İsveçrə hakimiyyəti general Suvorovun abidəsinin təhqir olunmasına məhəl qoymamaqla səhv addım atır.
Rusiya tərəfi İsveçrə hakimiyyət orqanlarından Aleksandr Suvorovun xatirəsinə ucaldılan abidəyə svastikanın qoyulmasında məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Rusiya Svastikanın Nürnberq tribunalı tərəfindən rədd edilmiş və bütün dünyada qanuni olaraq qadağan edilmiş simvol olduğunu xatırladıb.
Bundan əlavə diplomatlar Suvorovun İsveçrənin azad edilməsində böyük əməyi olduğunu qeyd edib və generalın təkcə Rusiyanın deyil, həm də İsveçrə tarixinin bir hissəsi olduğunu vurğulayıblar.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də abidənin təhqir olunması ilə bağlı cinayət işinin açılması barədə göstəriş verib.
Qeyd edək ki, 1799-cu ildə Alp dağlarını keçərkən həlak olan Suvorovun yoldaşlarının xatirəsinə ucaldılmış abidə oktyabrın 12-nə keçən gecə murdarlanıb.
Naməlum şəxslər onun üzərinə qara boya ilə iki svastika çəkiblər.
Bundan əvvəl may ayında da naməlum şəxslər abidəni sarı və mavi boya ilə boyayıb. İsveçrə Polisi hadisəni törədənləri tapmayıb.
Aynil