“Müəllimlər Marsdan gəlmirlər ki?” – Kamran Əsədov

Elm və təhsil naziri Emin Əmrullayevin son müsahibəsi sosial mediada müzakirə obyektinə çevrilib. Nazir bu gün bir qrup müəllimin tədrisi aparmaqla bağlı bacarıqlarında problemlərin olduğunu deyib.
“İmtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”, deyə o, qeyd edib.
Bəs, müəllimlərlə bağlı əsas boşluq nədən ibarətdir?
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda ölkədə 4 min 432 ümumtəhsil orta məktəbində ümumilikdə 142 min müəllim var və bunların 12 minə qədərini Elm və Təhsil Nazirliyi sertifikasiyaya cəlb edib:
“Yəni ibtidai sinif müəllimlərini. Təbii ki, nəticələr o qədər də ürəkaçan deyil. Nazirliyin hazırkı heyəti 10 ildir Azərbaycan təhsilinin idarəetməsində iştirak edir və bu müddətdə onlar kifayət qədər böyük sayda - 80 mindən çox insanı işə qəbul ediblər. Bu, ciddi məsələdir. Bu müəllimlərin yoxlanması üçün milyonlarla qrand layihələr icra edilib, müəllimlər mükafatlandırılıb və.s. Amma hansı nəticələr əldə edilib? Eyni zamanda 2014-2018-ci illərdə müəllimləri diaqnostik imtahanlara cəlb ediblər”.
Ekspert qeyd edib ki, hazırda müəllimləri, müəllimliyi gözdən salmağa yönəlmiş çıxışlar edilir və bu, yaxşı hal deyil:
“Bu, Azərbaycan təhsili üçün çox təhlükəli tendensiyadır və hesab edirəm ki, belə fikirlər dayandırılmalıdır. Ola bilər ki, müəllim hər hansı test tapşırığını yaza bilmir – buna kompüterdən istifadə də mənfi təsir göstərə bilər və ya müəllimin doğru cavabları yetərli olduğuna görə digər suallara cavab verməyi özünə məqbul hesab etməyə bilər. Müəllimlər Marsdan gəlmirlər ki? Onlar nazirliyin nəzdində olan, rəhbərlik etdiyi ali təhsil müəssisələrinin məzunlarıdır. Nə vaxt nazirlik ali təhsil müəssisələrində yoxlama aparıb ki, onların məzunları əmək bazarının tələblərinə, müasir standartlara cavab verirmi? Bu onu göstərir ki, müəllimlərin təkmilləşdirilməsi üçün kurslar keyfiyyətli deyil, təhsil sahəsində nəzarət aşağıdır, müəllimlərin keyfiyyətinin yüksədilməsi istiqamətində işlər aparılmır”.
Günay Rəsulqızı