Nömrələnmiş məzarlarda kimlər uyuyur? - “Kimsəsizlər qəbiristanlığı”ndan FOTOREPORTAJ 

Nömrələnmiş məzarlarda kimlər uyuyur? - “Kimsəsizlər qəbiristanlığı”ndan FOTOREPORTAJ 

Onlar xatırlanmır, yatdıqları torpaq çiçəksiz qalıb, onlar üçün bayramlarda şam yanmır, ağlayan bir cüt gözün həsrətindədirlər. Söhbət “kimsəsizlər məzarlığı”ndan gedir - nə zamansa yer üzündə mövcud olan, amma kimisə olmayanların yeri...

 

Sfera.az-ın əməkdaşı bu dəfə yolunu Bakının Suraxanı rayonu ərazisinin “Dədə Qorqud” massivində yerləşən və “kimsəsizlər məzarlığı” kimi tanınan qəbiristanlıqdan salıb.

 

 

Məlumat üçün qeyd edək ki, sözügedən məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb. Qəbiristanlıqda təxminən 300-dən çox kimsəsiz məzar var. Əgər bunlara “məzar” demək mümkünsə...

 

 

Çünki bu qəbirstanlıqda məzarların çoxu baxımsızlıqdan sökülüb, bəziləri isə tamamilə yerlə-yeksan olub. Ərazidə həmçinin müxətlif tullantılara rast gəlmək olar - sellofan torbalar, içki şüşələri və.s.

 

Ətrafdakı sakinlərlə söhbətimiz zamanı burada dəfn edilənlər arasında əsasən meyiti evdə kimsəsiz vəziyyətdə günlər sonra tapılanlar, yol qəzasında ölənlər, narkomanlar, bomjlar, digər ölkələrdən gəlib kimsəsi olmayanlar, ailəsi tərəfindən sahib çıxılmayan körpələrin olduğunu öyrəndik. Onlar həm də “nömrələnmişdi” – məzar daşları olmasa da, “314”, “701”, “265” kimi rəqəmlərlə fərqləndirilirdi.

 

 

Ərazidə yerimək də çətin idi, hər addımbaşı ayağımıza sümüklər ilişirdi, sanki ölülərin ruhuna toxunurduq – hər toxunuşda üzr istəyib müşahidəmizə davam edirdik.

 

Burdakılar həm də “dinsiz” idi. Müsəlman, xristian və ya başqa dinin mənsubları yanaşı yatırdı. Həmsöhbət olduğumuz sakinlərdən biri deyir ki, burada dirilər ölüləri də rahat buraxmır. Axşam düşən kimi goreşən kimi tanınan heyvanlarla bərabər, insanlar da qəbirlərin altını-üstünə çevirir. Məqsəd isə hansısa dəyərli əşya, qızıl diş tapmaq imiş...

 

 

Sfera.az “Kimsəsizlər məzarlığı”ndan fotoları təqdim edir:

 

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR