Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Sfera.az xəbər verir ki, əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Sadır Japarovun bəyanatı
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir.
Biz strateji tərəfdaşlıq ruhunda dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi apardıq. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdi. Biz strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsi istiqamətində kursun dəyişməzliyini təsdiq etdik. Məmnuniyyətlə qeyd edirəm ki, Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisidir. Mədəni-humanitar sahədə xüsusilə artıq qardaş xalqlarımız arasında qırılmaz dostluq rəmzi olan Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin birgə açılışını qeyd etmək istərdim. Bu kontekstdə ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən bu rəmzi layihələrin mühüm əhəmiyyətini xüsusi məmnuniyyətlə vurğulamaq istərdim. Sevindirici haldır ki, qeyd edilən gözəl məktəblərdə bizim gənclər, Qırğızıstanın gələcəyi təhsil alacaq. Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsü olacaqlar.
Məmnunluqla qeyd edirəm ki, biz azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl tikintisi başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümidvaram ki, bu gözəl park paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevriləcək. Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq.
Nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində hələ çox işlər görülməlidir. Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir.
Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.