Azərbaycanda bu gün demoqrafik vəziyyət müsbətdir, amma sabah...

Azərbaycan demokrafik vəziyyəti qənaətbəxş səviyyədə olan ölkələrdən hesab edilir. Ölkəmizdə əhalinin təbii artımı var, doğum göstəriciləri aşağı deyil, nikah və boşanmalar arasında disbalans yoxdur və miqrasiya da müsbət olduğundan əhalinin sayı davamlı artır.
Sfera.az bildirir ki, Azərbaycan əhalisinin sayı davamlı artan ölkələrdəndir. 1991-ci ildən dövlət müstəqilliyinin bərpa edildiyi tarixdən bəri əhali sayı artır. Qeyd edilən tarixdə Azərbaycanın 7,218 milyon nəfər əhalisi var idi. 2000-ci ildə əhali sayı 8 milyonu, 2011-ci ildə 9 milyonu, 2020-ci ildə isə 10 milyonu ötüb.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, ölkə əhalisinin sayı 10,186 milyon nəfərdir.
Məlumatlardan göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi son 30 il ərzində əhali sayı 3 milyon nəfərə yaxın və ya 41,1 faiz artıb.
Yalnız 2022-ci ilin birinci yarısında ölkə əhalisinin sayı 29 418 nəfər və ya 0,3 faiz artıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edir. Hazırda hər 1000 kişiyə 1001 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı isə 117 nəfərdir.
Əhalinin sayının artmasına təsir edən əsas göstərici təbii artım (doğum və ölüm göstəriciləri arasında olan fərq) olub.
Son 30 ildə ölkəmizdə təbii artım faktı qeydə alınsa da, əvvəlki illərlə müqayisədə təbii artım tempinin zəifləməsi müşahidə edilir. Bunun da səbəbi bir tərəfdən doğumun azalmasıdırsa, digər tərəfdən ölüm faktının artması ilə əlaqədardır.
1991-ci ildə Azərbaycanda təbii artım 146 min nəfər olub. Həmin ildə 190 min doğum, 44,6 min ölüm faktı qeydə alınmışdı. 2021-ci ildə isə təbii artım 35,4 min təşkil edib. Ötən il 112 min doğum, 77 min ölüm faktı olub.
Son 30 ildə Azərbaycan əhalisinin təbii artım göstəricisinin xeyli pisləşməsi müşahidə olunur. Cari ildə vəziyyət bir qədər yaxşılaşsa da, təbii artımın əvvəlki illərdən zəif olduğu aşkardır. Belə ki, yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 61 234 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,3 təşkil edib. Doğulanların 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqları olub. 2022-ci ilin altı ayında ölkədə 32589 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,5-ə düşüb.
Doğumun azalması, əvəzində ölüm sayının artması əhalinin yaşlanması ilə bağlıdır. Əhalinin gənc yaşda olan hissəsi ilə müqayisədə yaşlı hissəsinin daha sürətlə artdığı görünür. Bu səbəbdən doğum azalır, ölüm sayı isə artır. Mövcud dinamika nəticə etibarilə təbii artımı zəiflədir.
Azərbaycanda son illər nikahların azalması, boşanmaların isə sürətlə artması müşahidə edilir. 1991-ci ildə 74 mindən çox nikah, 10,68 min boşanma faktı qeydə alındığı halda ötən il 56,3 min nikah, 17,2 min boşanma olub.
Cari ildə hər iki göstərici bir qədər yaxşılaşıb. Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 785 nikah və 7531 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.
Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib. Miqrasiyanın müsbət olması əhali sayının artmasına müsbət təsir göstərir.
Azərbaycanın ümumi demoqrafik vəziyyəti və baş verən dəyişikliklər göstərir ki, təxminən 15 ildən sonra ölkəmizdə təbii artım prosesi müsbətdən mənfiyə keçəcək.
Ölüm sayı daha çox artacaq, doğum isə azalacağından təbii artım mənfi olacaq.
Bu, yaxşı proses deyil və bunun qarşısını almaq üçün dövlət müəyyən təşviqedici tədbirlər görməlidir. Əsas təşviqedici tədbir “uşaq pulu”nun bərpa edilməsidir. Bu yolla doğum sayının artırılmasına nail olmaq mümkündür.
Vasif
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;