Sülh müqaviləsinin bir addımlığında və… - Cəbhədə silahlar niyə işə düşdü?

Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Gədəbəy rayonunu atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənilər Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərə müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəş açıblar. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Məlumdur ki, oktyabrın 6-da Praqadakı görüşdə Azərbaycan və Ermənistan tərəfi qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdı. Bu isə sülh yolunda önəmli addımların atılacağından xəbər verirdi. Bəs, son təxribatlar, atəşkəsin pozulması nədən xəbər verir?
Sualımızı cavablandıran politoloq Cümşüd Nuriyev Sfera.az-a açıqlamasında söyləyib ki, ermənilər istər İkinci Qarabağ müharibəsindən öncə, istərsə də sonra həmişə danışıqlar ərəfəsində belə təxribatlar törədiblər.
Politoloq qeyd edib ki, Praqa görüşündən sonra Azərbaycan-Ermənistan sərhəddindən baş verən təxribat birmənalı olaraq rəsmi İrəvanın, Paşinyanın mövqeyi deyil:
“Məlumdur ki, Rusiya Avropanın Cənubi Qafqaza daxil olmasını istəmir. Xatırladım ki, 2008-ci ildə də Gürcüstanla bağlı oxşar hadisə yaşanmışdı. Guya Avropa nümayəndələri gəlib Gürcüstanla bağlı monitorinq aparacaqdı. Amma Rusiya Abxaziya ilə bərabər Cənubi Osetiyanı da işğal etdi və buna icazə vermədi. Bu günə qədər haqdan, ədalətdən, demokratiyadan danışan dünya Gürcüstan ərazisinin işğal altında olduğunu ancaq sözdə deyirlər. Ortada hansısa sanksiya yoxdur. Onların iqtisadi maraqlarına uyğun gəlmədiyi üçün eyni taleni Ukrayna yaşayır. ABŞ və tərəfdarlarının ancaq iqtisadi maraqları var”.
C.Nuriyevin sözlərinə görə, Ermənistandakı hərbçilər arasında Rusiyaya meyilli olanların sayı çoxdur:
“Çünki Praqa danışıqlarından sonra sülh müqaviləsi bağlansa, Ermənistan avtomatik olaraq Qarabağdakı sülhməramlıların orada yerləşdirilməsi ilə bağlı götürdüyü öhdəlikdən azad olur. Məsələnin hüquqi tərəfi budur. Ermənistan da bunu istəyir. Eyni zamanda Rusiya və İran da bu məsələdə maraqlıdır. Baxmayaraq ki, İranın daxilində vəziyyət gərgindir. İranda və Rusiyada yaşananlar idarə edilə bilməyən xaosdur. Ancaq sərhəddəki təxribatlarda rəsmi İrəvan yox, Ermənistanı sevməyən Rusiya, İran kimi dövlətlərin marağı var. Artıq Avropa İttifaqı Fransanın timsalında öz maraqlarını təmin etdi. Onlar təxribatın olmasında maraqlı deyil. Nə qədər ki, sülh sazişi bağlanmayıb, Azərbaycan-Ermənistan sərhəddində təxtibatlar davam edəcək. Buna fikir vermək lazım deyil. Güclü Ordumuz var. Onların cavabını yerində verirlər. Amma belə təxribatlar davam etsə, ermənilər üçün nəticələri ağır olacaq. Cənab Prezident sülhə yaxınlaşdığımızı elan etdi. Lakin belə təxribatlar hər zaman olub, indi də var və yenə davam edəcək. Nə qədər ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələ tam dəqiqləşməyib, sülh müqaviləsi bağlanmayıb, belə təxribatları yenə gözləməliyik”.
Yeganə