Bayden “qiyamət günü”ndən danışdı, Putinə xəbərdarlıq etdi: “İzləyirik...”

ABŞ prezidenti Co Bayden nüvə təhlükəsi ilə bağlı dünyaya sərt xəbərdarlıq edib.
Sfera.az bildirir ki, Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən ianə gecəsində çıxış edən Ağ Ev rəhbərinin sözləri mətbuatda “qandonduran açıqlama” kimi təqdim olunub.
Bayden deyib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (dini mənbələrdə dünyanın sonu gəldiyi zaman baş verəcəyi proqnozlaşdırılan böyük “Qiyamət” müharibəsinin adıdır) üzləşə bilər.
“Kuba raket böhranından sonra “Armageddon” ehtimalı ilə qarşılaşmamışıq. Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyirik. O, taktiki nüvə, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən zarafat etmir, çünki ordusu görünən dərəcədə aşağı performans göstərir. Buna görə də Putinə qarşı çıxış yolu tapmağa çalışırıq”, deyə Bayden söyləyib.
Digər tərəfdən, Ağ Ev Moskvanın nüvə hücumuna hazırlaşdığına dair heç bir işarə görmədiklərini sözlərinə əlavə edib.
Xatırladaq ki, Ağ Ev rəhbəri Baydenin çıxışı zamanı xatırladığı “Kuba böhranı” 1962-ci ildə baş verib. Belə ki, “Kuba raket böhranı”nda ABŞ-ın o zamankı prezidenti Con Kennedi və Sovet İttifaqının prezidenti Nikita Xruşşov Kubadakı sovet raketləri səbəbindən nüvə müharibəsi astanasına gəliblər.
Günay Rəsulqızı