Azərbaycan BMT-nin “elektron hökumət” indeksində gerilədi: SƏBƏBLƏR, HƏLL YOLLARI..

BMT "Elektron hökumətin İnkişafı İndeksi"nə görə, növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan isə bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83-cü pillədə yer alıb. Hesabat üç istiqamət - “Elektron xidmətlər”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı” üzrə dəyərləndirmə aparılaraq hazırlanıb. Bundan öncə isə 2020 və 2018-ci illərdə Azərbaycan 70-ci pillədə qərarlaşmışdı.
Bəs ölkəmizdə elektron hökumətin bəzi istiqamətləri üzrə vəziyyət niyə aşağı səviyyədədir?
Bununla bağlı Sfera.az-a danışan Azərbaycan İnterner Formunun rəhbəri Osman Gündüz deyib ki, sözügedən hesabatda ölkənin bütün rəqəmsal və elektron mühiti - elektron və mobil xidmətlər, onlara əlçatanlıq, portallar və saytlar, telekommunikasiya və mobil şəbəkə, internet istifadəçilər, sosial mediadan istifadə, hüquqi baza, institusional vəziyyət, rəqəmsal savadlılıq, innovasiyalar, ağıllı həllər və s. bu 3 istiqamət üzrə dəyərləndirilir:
“İndeksin adında "elektron hökumət" ifadəsi olsa da, əslində ölkənin bütöv rəqəmsal mühiti qiymətləndirilir. BMT bu il metodikanı da yeniləyib. İstiqamətlər üzrə Azərbaycanın balları belə olub: “Elektron xidmətlər” 100 mümkün baldan 61 bal; “Telekommunikasiya infrastrukturu” 67 bal; “İnsan kapitalı” Azərbaycan 79 bal. Hesabatdan görünür ki, bizdə ən zəif vəziyyət “Elektron xidmətlər” istiqaməti üzrə olub. “Elektron xidmətlər” özü də institusional çərçivə, informasiya açıqlığı, e- xidmətlərin göstərilməsi, e-iştirakçılıq və texnologiya alt bloklara ayrılır. Bu istiqaməti araşdırdıqda görünür ki, bizim ən bərbad vəziyyətimiz “Elektron xidmətlər” istiqamətinin alt qrupu olan elektron iştirakçılıq indeksi olub. Bu indeks üzrə biz 25 pillə geriləyərək ötən ilki 73-cü yerdən 98-ci yerə gəlmişik. “E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb.Hesabatı incələyəndə görmək olur ki, məhz bu indeks üzrə 2016-cı illə müqayisədə nə az, nə çox, hətta 51 pillə geriləmişik. E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, onlayn şəffaflıq, informasiya açıqlığı, xidmətlərə və ictimai informasiyalara əlçatanlıq texnologiyaları üzrə, genişzolaqlı mobil istifadəçilər üzrə də nəticələr qənaətbəxş deyil:
“Bütün bunlar o demək ki, vətəndaşlar axtardıqları, sorğuladıqları informasiyanı, xidməti ya tapmırlar , ya da effektiv üsullarla əldə etməkdə çətinlik çəkirlər. Lokal elektron xidmətlər üzrə vəziyyət də hesabatda hədsiz dərəcədə zəif qeyd olunub. Hətta Bakı ilə Türkmənistanın paytaxtı Aşqabad eyni səviyyəni - 125 -ci yeri qazanıb. Bütün bunların nəticəsi olaraq "Elektron xidmətlər" indeksi üzrə nəticələr 2020-ci illə müqayisədə çox zəif olub. Fikrimcə, reytinqdəki Azərbaycanla bağlı vəziyyət reallığı əsasən əks etdirir. Razılaşmaq olar ki, son zamanlarda görülən bəzi işlər, xüsusən də mobil həllər və Bakının rayonları xaric, regional e-xidmətlər həqiqətən nəzərə alınmayıb. Amma düşünmürəm ki, bunlar nəticəyə elə də ciddi təsir edəcəkdi. Hesabatda diqqətimi cəlb edən bir məqam da ondan ibarət oldu ki, artıq keçmiş sovet ölkələrindən Azərbaycandan pis vəziyyəti olan, reytində bizdən aşağıda olan yalnız Türkmənistan və Tacikistan qalıb. Çox təəssüfləndirici və düşünsürücü haldır. Hesab edirəm ki, BMT-nin bu nəhəng hesabatı ciddi təhlil edilməli, qiymətləndirilməli, cavabdehlərdən hesabat tələb olunmalı, bütün maraqlı tərəflərlə birlikdə müzakirə edilməli, vəziyyəti düzəltmək üçün konkret cavabdehlər və vaxt göstərilməklə tədbirlər müəyyən olunmalıdır”.
Günay Rəsulqızı
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;