Məğlubiyyətin etirafı: “Biz Ukrayna qoşunları ilə döyüşmürük..”

Kremlin nəzarətindəki “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyevanın son verilişi sosial mediada gündəm olub.
Sfera.az bildirir ki, aparıcının müharibədəki son vəziyyətlə bağlı verlişində səsləndirdiyi suallar müzakirə obyektinə çevrilib. Belə ki, 37 yaşlı Olqanın Luqansk xalq milisi Andrey Maroçkoya ünvanladığı suallarla döyüş meydanındakı uğursuzluq etiraf edilib.
İngilis “Daily Star” qəzetində yer alan xəbərə görə, müsahibəyə “Biz əsgər deyilik, bizə izah edin” sözləri ilə başlayan Skabeyeva fikrini belə tamamlayıb: “Ukraynalılar kəndbəkənd irəlilədiyi halda, biz niyə metr-metr irəliləyirik? Niyə indi onlar üçün işlər daha yaxşı gedir? Vəziyyət nə vaxt dəyişəcək?”.
Maroçko isə ittihamları rədd edərək, müharibəyə görə NATO-nu günahlandırıb:
“Gəlin nəzərə alaq ki, biz Ukrayna qoşunları ilə döyüşmürük. Biz NATO əsgərləri ilə döyüşürük. Onların böyük resursları var. Hazırda onların resursları bizimkindən üstündür. NATO-nun əsas mənbəyi kəşfiyyatdır. Onlar sözün həqiqi mənasında bizim hərəkətlərimizi, istehkamlarımızı peykdən onlayn izləyirlər. Təbii ki, bu, onlara böyük fayda gətirir və normal olaraq şansları bizimkindən qat-qat yüksək olur”.
Günay Rəsulqızı