“ƏDV-ni ləğv etsək, kasıblar yox, varlılar qazanacaq” – Rəy

“ƏDV-ni ləğv etsək, kasıblar yox, varlılar qazanacaq” – Rəy

Son zamanlar ərzaq məhsullarında ƏDV-nin 18%dən 2%-ə endirilməsi təklifi müzakirə obyektinə çevrilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, ƏDV-nin ləğvi və ya 2%-ə endirilməsi ilə uzun müddətli dəstəyin təmin olunacağına bel bağlamaq olmaz:

 

“Əvvəla ona görə ki, ərzaq ƏDV-sinin ləğvindən aztəminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda 200 manat ərzağa pul xərcləyən kasıb 36 manat (18%) qabağa düşəcəksə, ayda 1000 manat xərcləyən şəxs 180 manat qabağa düşəcək. Başqa sözlə, ƏDV-nin ləğvinə görə büdcəyə daxil olmayacaq vəsaitlərdən imkanlı ailələr daha çox faydalanacaq. Loru dildə ifadə etsək, büdcədən kənar qalan 100 manatdan 20-30 manat kasıb qabağa düşəndə, 70 manat varlı qabağa düşəcək. Bu baxımdan ƏDV-nin ləğv etmək əvəzinə, ƏDV-dən daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə aztəminatlı ailələrə yönəltmək olar. Belə olanda həm aztəminatlı insanlar əvvəlkindən daha çox dəstək almış olur, həm də büdcə yararlanmış olur”.

 

Ekspert qeyd edib ki, ƏDV-dən azad edilmiş məhsulların uzağı 2-3 ay sonra yenidən bahalaşma ehtimalı da ən vacib məsələlərdən biridir:

 

“Yəni 11 manat 80 qəpiklik bitki yağı ƏDV-dən azad edilib 10 manat olsa, onun qiymətini inhisarçılar 2-3 aya qəpik-qəpik qaldırıb onsuz da ƏDV-li qiymətə çatdıracaqlar. Ad olacaq ki, ƏDV yoxdur, əslində ƏDV-li qiymətlə eyniləşəcək.  Hələ bu çatışmazlığın hamısı deyil. Bir il sonra isə ƏDV-nin bərpa olunması qərarı veriləndə, qalxmış qiymətə 18% əlavə olunanda, real ifadədə 36% ƏDV effekti yaranacaq. Odur ki, ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacı olan ailələlərə yönəltmək üçün bir mexanizm hazırlanmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR