“Polisə düşməmək üçün ört-basdır edirlər...” – Məktəbdə baş verən olaya REAKSİYA

“Uşaqların müəyyən yaşlarında təhsil müəssisəsi məsuliyyət daşısa da, bəzi yaşlarında məktəbi günahlandırmaq düzgün deyil”.
Bunu Sfera.az-a açıqlamasında psixoloq Gülnar Orucova 112 nömrəli məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı danışarkən deyib:
“Əgər uşağın 3-5 yaşı varsa, bağçaya gedirsə və burada onlar bir-birilərini döyürlərsə, məsuliyyəti tərbiyəçilər daşıya bilər. Amma uşaq artıq yeniyetmə yaş dönəmindədirsə, digər uşağa fiziki şiddət göstərib,üstəlik videoya çəkərək paylaşırsa, bu, onun psixoloji travma aldığının göstəricisidir. Bu davranış həm də uşağın düzgün tərbiyə olunmadığını təsdiq edir. Sadist tipajlar daha çöx döydüklərini, əzdiklərini çəkib paylaşmaqdan həzz alırlar. Adətən döyülən, incidilən uşaqlar bu psixologiyada böyüyür”.
Müsahibimiz qeyd edib ki, uşaqlarda bu cür şiddətə meylliliyə hər ailədə rast gəlmək olmur:
“Şiddət göstərilən ailələrdə bu hallar daha çox müşahidə olunur. Uşaq gördüyünü tətbiq etməyə başlayır. Digər tərəfdən çətin tərbiyə olunan uşaqların təhsil aldığı məktəblər var, onları həmin müəssisələrə yönləndirmək lazımdır. Narahatedici məqam odur ki, məktəblərdə baş verən belə hadisələr rəhbərlik tərəfindən ört-basdır edilməyə çalışılır. Səbəb nədir? Çünki polis bölmələrinə düşmək, adlarının hallanmalarını istəmirlər. Bu gün də işdən çıxarılma faktları kifayət qədər olduğu üçün öz vəzifələrini itirməkdən qorxurlar, belə hadisələri gizlədirlər. Ona görə də bu cür olayların sayında artım müşahidə olunur”.
Xatırladaq ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisə 112 nömrəli məktəb baş verib.
Günay Rəsulqızı