"Azərbaycan Avropada daha çox ölkəyə qaz satacaq" – Vüqar Bayramov

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq”.
Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov ötən həftə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılışını şərh edərkən bildirib.
V.Bayramov deyib ki, həm Cənub Qaz Dəhlizi, həm də IGB-nin reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu:
“Bunu Avropa rəsmilərinin etiraf etməsi ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir. İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı. Bu daxili şəbəkə vasitəsilə Azərbaycan qazı Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxış əldə edəcək. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermis olacaq”.
Millət vəkili hesab edir ki, yeni qaz infrastrukturunun işə salınmasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəsi genişlənəcək:
“2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracımız 50 faizdən çox artıb və illik nəqlin 11,5 milyard kubmetrə çatacağı gözlənilir. Bütövlükdə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1,5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər”.
Vasif,
Sfera.az