“Qalatasaray” dan gözlənilməz sürprizlər

Super Liqanın çempionluğa namizədlərindən olan “Qalatasaray” mövsümün əvvəlində etdiyi transferlərlə diqqət mərkəzində idi. Mauro İkardi, Xuan Mata və Lukas Torreira kimi adları heyətinə qatan Erden Timur işlərin gələcək mövsümdə də davam edəcəyini açıqlayıb. Yanvardan sonra da yeni transferlər gözlənilir, bununla yanaşı klubdan ayrılacaq olan futbolçular da var.
Mətbuata açıqlama verən Erden Timur:
"Dörd futbolçumuzun müqaviləsi 1 illikdir. Bir illik müqavilə imzalanmasının səbəbi futbolçuların istəyinə bağlıdır. Gələn il üçün çox mühüm planlar hazırlayırıq. Detalları müzakirə etmək istəmirəm. Rəqiblərimizlə fərqli strategiyalarımız var. Bizim strukturumuzda dəyişikliklər olacaq. Biz 7 ayrı cəbhəyə bölünmüşük. Oyunçu analizi, müşahidə bölməsi fərqli bir şəkildə işləyəcək. Bunlara proqram təminatı vasitəsilə nəzarət olunacaq. Bütün bunlar gələn il planını yaxşılaşdırmaq üçün nəzərdə tutulub”- deyə bildirib.
Erden Timurun bu açıqlamalarından sonra sarı-qırmızılılar arasında sürpriz dəyişikliklər olacağı gözlənilir.
"Qalatasaray"ın mövsümün əvvəlində Portuqaliyanın "Benfika" klubundan Haris Seferoviçi icarəyə götürməsi azarkeşlərin “ayağa qalxması”na səbəb olmuşdu. Gözlənilən ümidləri doğrultmayan ulduzun son 3 həftədə cəmi 28 dəqiqə oynaması və bu vəziyyətdən özünün də çox narahat olduğu, bu səbəbdən də yanvar ayından etibarən klubdan ayrılmağı düşündüyü bildirilir.
Seferoviçin menecerinin yaxın günlərdə İstanbula gələcəyi və son vəziyyəti müzakirə edəcəyi bildirilir. Əldə edilən məlumata görə, ulduz futbolçuya Körfəz ölkələrindən ciddi təkliflər var.
Aynil