Məşhurlardan Rəhim Rəhimli ilə bağlı paylaşımlar - VİDEO + FOTOLAR

Müğənni Rəhim Rəhimlinin gecə saatlarında ürəktutmadan vəfat etməsinin ardından sənət dostları və tanınmışlar onunla bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, Xalq artisti Flora Kərimova R.Rəhimli ilə bağlı xatirələrini bu sözlərlə bölüşüb:
"Sənin istedadın, fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə ilk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…
Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgili ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm! Allah sənə rəhmət eləsin, Rəhim! Məkanın behişt olsun!".
Xalq artisti Faiq Ağayev R.Rəhimlinin bəstəsi olan və bir yerdə ifa etdikləri “Zəhər” mahnısının arxiv görüntülərini paylaşıb.
R.Rəhimli ilə arxiv videolarını paylaşanlardan biri də Xalq artisti Aygün Kazımova olub. O, "Bu eşq burada bitməz, Rəhim, bitməz! Qol-qola, çiyin-çiyinə səhnələr paylaşdığım, yollar keçdiyim, dərdlər bölüşdüyüm dostum! Çox heyif… Bu çox ağır xəbər oldu… Çox arzular yarım qaldı, Rəhim....Allah sənə rəhmət eləsin! Sevənlərinin və dostlarının qəlbində əbədi yaşayacaqsan, mənim əziz dostum!" deyə, yazıb.
Müğənni-bəstəkar Murad Arif sənətçi ilə son yazışmasını izləyiciləri ilə bölüşərək "Görə bilmədim səni, dostum... Son yazdığı..." deyə, yazıb.
Axşam.az