Qeyri-neft mallarının ixracı 2 milyard dollara çatdı - Son 8 ayın STATİSTİKASI

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,9 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 19% artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumat “İxrac icmalı”nın sentyabr buraxılışında əksini tapıb.
2022-ci ilin yanvar - avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon dollar, tərəvəz ixracı isə 180,5 milyon dollar təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon dollar olub.
2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,4 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (142,2 milyon dollar) ikinci, tomat (pomidor) (134,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 527,6 milyon dollar, Türkiyəyə 491,1 milyon dollar, Gürcüstana 126,9 milyon dollar, İsveçrəyə 117,7 milyon dollar, ABŞ-a isə 60,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Vasif,
Sfera.az