Quru sərhədlərin bağlı qalması ölüm sayını necə artırır? – İlqar Məmmədovun ŞƏRHİ

“Quru sərhədlərin qapalı qalması nəticəsində Azərbaycanda bu il normadan artıq adam ölüb”.
Sfera.az bildirir ki, bu iddia ilə REAL partiyasının sədri İlqar Məmmədov çıxış edib. O bildirib ki, 2020-ci ilin yanvar-iyul aylarında normadan artıq ölümlərin sayı 3718 nəfər təşkil edib:
“Bunun səbəbi əsasən o idi ki, insanları evdən çıxmağa qoymurdular, stresə salırdılar, onların ticarəti çökürdü, iş yerləri bağlanırdı, çoxunun buna ürəyi dözmürdü. Amma bunlardan bir çoxu sadəcə xaricə gedib müalicə ala bilmədiyi üçün həyatını itirdi. Beləlikə, 3718 nəfər, yəni 11 faiz normadan artıq ölü – səbəblər isə qarışıq: sərt karantin və sərhədin qəflətən bağlanması. Həmin dövrdə koronavirusdan ölənlərin sayı cəmi 448 nəfər təşkil etmişdi. 2021-ci ilin yanvar-iyul aylarında isə karantin hələ də sərt idi və quru sərhədlər yenə qapalı. Normadan artıq ölən 8426 nəfərə çatdı, COVİD-19-dan isə 2382 nəfər öldü. Nəhayət gəldik 2022-ci ilin yanvar-iyul aylarında hiss edilən karantin filan çoxdandır yoxdur, bir tək quru sərhəd bağlıdır. Normadan artıq ölü sayı 3475-dir. Yəni yenə də 10% çox. Koronavirusdan ölən isə 1390 nəfər”.
Partiya sədri qeyd edib ki, koronavirusdadan ölənlərin böyük bir hissəsi ölüm sayının normasına daxildir:
“Beləliklə, insanlar xaricə gedib müalicə ala bilmir deyə, cari ilin ilk 7 ayında minlərlə insan həyatını itirib. İndi kim deyirsə ki, sərhədlərin 2022-ci il boyu bağlı qalması ağıllı addımdır, getsin o minlərlə normadan artıq həyatını itirmiş vətəndaşın yaxınının gözünün içinə baxsın”.
Türkan