Gürcüstan prezidenti Lukaşenkonu ittiham etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziyaya səfərindən sonra belarusiyalı həmkarı Aleksandr Lukaşenkonu ikitərəfli münasibətləri və beynəlxalq hüququn prinsiplərini pozmaqda ittiham edib.
Sfera.az Gürcüstan mətbuatına istinadən bildirir ki, Zurabişvili bu barədə Twitter hesabı vasitəsilə məlumat verib.
“Mən Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın “İşğal olunmuş ərazilər haqqında” qanununun, ikitərəfli münasibətlərimizin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”- deyə o yazıb.
Eyni zamanda Gürcüstan Xarici İşlər Nazirliyi də Lukaşenkonun Abxaziyaya səfər etməklə dövlət sərhədini pozduğunu bəyan edib.
Tbilisi Minski Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Qeyd edək ki, Belarusiya prezidentinin Abxaziyaya səfəri ilə əlaqədar Belarusiyanın Tbilisidəki səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Lukaşenko Abxaziya respublika rəhbəri Aslan Bjaniya ilə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Belarusiya prezidenti qeyd edib ki, Minsk Abxaziya ilə sadəcə dostluq əlaqələri deyil, hətərəfli iqtisadi əlaqələr yaratmağa çalışır. Siyasətçilərin görüşü Pitsundada dövlət iqamətgahında baş tutub.
Prezidentlər həmçinin münasibətlərin möhkəmləndirilməsi, qlobal gündəm və Ukraynadakı vəziyyətdən danışıblar.
Avqustun 4-də Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov Abxaziya və Cənubi Osetiyanın 2022-2025-ci il sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində sazişlər imzalayıb. Saziş respublikaların iqtisadi əlaqələri, büdcə gəlirlərinin artırılması üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımır.
Aynil