ABŞ-dan Rusiyanın nüvə hədələrinə SƏRT CAVAB

Rusiyanın ardıcıl nüvə bəyanatlarına ABŞ-dan ilk reaksiya gəlib.
Sfera.az bildirir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “NBC” telekanalının “Meet the Press” proqramında danışıb. O, “Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə, nə baş verəcək?” sualını cavablandırıb:
“Biz bu barədə birbaşa, özəl və çox yüksək səviyyədə Kremlə məlumat vermişik. Bildirmişik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli nəticələrə səbəb olacaq. O cümlədən ABŞ və müttəfiqlərimiz buna qəti şəkildə sərt reaksiyalar göstərəcək”.
Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın ilhaq edilmiş Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olacağını bəyan edib. Ukraynanın xarici işlər naziri Kuleba isə rusiyalı həmkarının bəyanatını “məsuliyyətsiz” və “qəbuledilməz” olduğunu bildirib.
Oxşar xəbərdarlıq Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedevdən də gəlib. Medvedev “Qərb və ümumilikdə bütün NATO ölkələri Rusiyanın öz yolunu seçdiyini başa düşməlidir” sözləri ilə də Qərbi hədələyib.
Günay Rəsulqızı