Avropanın “qış tədarükü”: İşçilərə ədyallar paylanır, kilsələr bağlanır...

Rusiyanın Avropaya təbii qazını məhdudlaşdırması ilə dərinləşən “enerji böhranı” davam edir.
Sfera.az bildirir ki, artan qiymətlərin və enerji çatışmazlığının həllini qənaətdə tapan Avropa ölkələri bu qışdan çıxmaq üçün fövqəladə tədbirlər görməyə başlayıb. Dünyanın maliyyə paytaxtlarından biri olan Londonda qışda baş verə biləcək elektrik kəsintilərinə qarşı karantin dövrünə bənzər tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Bazar tənzimləmə şurası (UK Finance) sözügedən tədbirlər üçün banklarla görüşlər keçirib. “Bloomberg”in hesabatına görə, görülə biləcək tədbirlər arasında evdən işləmək də yer alıb.
Böyük Britaniya ilə yanaşı, Fransa da evlərdən, müəssisələrdən və yerli hökumətlərdən kəsilmələrin qarşısını almaq üçün ilk növbədə enerji istehlakını azaltmağı xahiş edəcək. Məlumata görə, Danimarkadakı banklar işçilərinə ədyal paylayacaq, Almaniyadakı “Deutsche” Bankın isə ofislərində isti suyu kəsəcək. Çexiya isə bu yaxınlarda dövlət idarələrindəki lampaların yarısının çıxarıldığını, qalan köhnə lampaların isə daha az istehlak edən LED lampaları ilə əvəz edildiyini açıqlayıb. Hökumət təkcə dövlət idarələrində deyil, küçələrin işıqlandırılmasında da LED işıqlandırmaya üstünlük verildiyini, gecə saatlarında müəyyən vaxtdan sonra turistik yerlərin işıqlandırılmasının söndürüləcəyini bildirib.
“Sputnik İnternational”da yer alan xəbərə görə, İsveç enerji xərclərini azaltmaq üçün bəzi kilsələri bağlamağa başlayıb. İsveç Kilsəsinin mədəni irs şöbəsinin rəhbəri Markus Dahlberq “Dagens Nyheter” qəzetinə deyib ki, ölkənin bir çox yerlərində, xüsusilə enerji qiymətlərinin ən yüksək olduğu cənubda bu cür tədbirlərin həyata keçirilməsi müzakirə olunur.
Türkan