Xoşbəxt bir evlilik üçün aşiq olmaq kifayətdirmi?

Aşiq olan cütlüyün evlilikdən çox böyük gözləntiləri olduğunu təxmin etmək çətin deyil. Bunun üçün demək olar ki, daim aktual olan sevgi dilinə baxmaq kifayətdir.
"Səndən əvvəl heç kim yoxdur, mən səninlə yenidən doğuldum, özümü səninlə tək hiss etmirəm, özümü tam hiss edirəm" və ya "Heç kim mənim kimi sevə bilməz" sözləri kifayətdirmi?
Ötən illərdə yaşanan pandemiya məhdudiyyətləri toylara da təsir etmişdi. Toy planları bəzən təxirə salınırdı. Məhdudiyyətlər yumşalandan sonra cütlüklər nigaha girmək, toy etmək planları qurmağa başlayıblar. Bir çox cütlük gözəl gələcək xəyalları ilə evlənir.
Bəs nigah şəhadətnaməsinə imza atarkən xoşbəxt evlilik arzusunda olan hər bir cütlük qarşıdakı illərdə gözləntilərinə çatırmı? Gözləntilərinə çatmaq üçün nələrə diqqət etməlidir?
Sfera.az xəbər verir ki, Psixoloq Hande Nacar Baş xoşbəxt evliliyin sirləri haqqında danışıb.
Nağıllarda və filmlərdə olduğu kimi uzun, xoşbəxt və mükəmməl evlilik arzusunda olmaq real olmayan gözləntilər yaradır. Evliliyin təməlinin qoyulduğu ilk illər münasibətlərin necə formalaşacağını müəyyənləşdirir. Özlərinə vaxt ayıran, həyat yoldaşı ilə vaxt keçirmə fürsəti yaradan, fiziki təmaslara önəm verən cütlüklərin evlilikləri daha uzun olur.
Evliliyin ilk dövründə cütlüklər ailələrində, ətraflarında gördükləri, oxuduqları kitablar və baxdıqları filmlərə və xəyallarındakına görə evlilik həyatı gözləyirlər. Ancaq bütün bunlar və real olmayan gözləntilər evliliklərə böyük zərər verə bilir.
Evliliyin ilk illəri cütlüklərin "senzurasız bir-birlərini tanıdıqları" dövrdür. İki insanın bir-birini daha yaxından və tərəddüdsüz tanımaq dövrü olduğundan bu ilk illər problemlər də gətirə bilər.
Əbədi xoşbəxtlik arzusu ilə başlayan evlilik, məhz bu səbəbdən qısa zamanda münaqişələrlə dolu bir həyata çevrilə bilər. Cütlüklər xəyal etdikləri evlilikdən uzaqlaşdıqca məyusluq yaşamağa başlayırlar.
Sevgi və hörməti itirməyin
Bu münaqişələrdən ilk illərdə ən az zərərlə çıxmaq, hörmət və sevgini itirmədən problemləri həll etməyə çalışmaq sağlam evliliyin yolunu açan daşlardır. Bu dövrdə yaşanan problemləri ailə problemləri, maddi problemlər, cinsi problemlər, rutinləşmə, qarşı tərəfi öz istəklərinə uyğun dəyişməyə çalışmaq və münaqişələrdə ünsiyyət səhvləri kimi qruplaşdırmaq olar.
Bu anlarda tək vaxt keçirmək, bir-birini tanımaq üçün səy göstərmək, bir-birinə hörmət etmək, uğurlarını təqdir etmək və bir-biri ilə flört etməkdən vaz keçməmək münasibətləri gücləndirir.
Fiziki təmas vacibdir
Bir-biri ilə daha tez-tez fiziki təmasda olan cütlüklərin də daha xoşbəxt olduğu düşünülür. Həyat yoldaşına toxunmaqdan, onun əlindən tutmaqdan, qucaqlamaqdan və cinsi əlaqədə olmaqdan zövq alan cütlüklər evliliklərində özlərini daha yaxşı hiss edirlər. Cinsi əlaqəyə kifayət qədər əhəmiyyət verməyən cütlüklər bir-birindən uzaqlaşır və bu, evliliklərində xoşbəxtlik hissinin azalmasına səbəb olur.
Evliliyin uzun bir yol olduğunu unutmayan və çətin yollardan keçmək lazım ola biləcəyini bilən cütlüklər sonrakı illərə təsir edəcək səhvlərə yol verməməyə çalışırlar.
Kiçik davalar zamanı qarşınızdakının qəlbini qırmaq üçün ağır sözlər söyləməmək, tənqid etməmək və hörmətsizlik etməməyə çalışın.
Aynil