“Bu, Vaşinqtonun prosesləri qızışdırmaq siyasətidir” - Politoloq

“ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqilliyi günü münasibəti ilə Paşinyana təbrik məktubunda "Dağlıq Qarabağ xalqı" birləşməsindən istifadəsi və Azərbaycanı Ermənistana hücum etməkdə ittiham etməsi, həmçinin Minsk qrupunun fəaliyyətinə eyham vurması sərhəddə son hərbi eskalasiya fonunda Vaşinqtonun prosesləri qızışdırmaq siyasətidir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Vaşinqton siyasi mövqeyini ortaya qoymaqla Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa çalışır:
“Ağ Evin bu siyasəti Ermənistan daxilində siyasi böhrana yol aça və ölkə daxilində toqquşmaların baş verməsi ilə nəticələnə bilər. Artıq Rusiyaya bağlı müxalifət toparlanıb, Paşinyanın anti-Rusiya siyasətinə qarşı cavab hazırlanır. Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi proseslərin qarşısını almaqdır. Bu, Nikola qarşı yeni cəbhənin açılması ilə nəticələnəcək”.
Ekspert bildirib ki, ümumiyyətlə, Ermənistan siyasi burulğana düşüb və Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır:
“Amma bunun Ermənistan üçün mənfi təzahürləri olacaq. Nikol dilemma qarşısındadır: ya sülh müqaviləsinə imza atıb Azərbaycanla münasibətləri normallaşdırıb, regionda iqtisadi inteqrasiyada iştirak edəcək; ya da öz hakimiyyətini itirəcək”.
Günay Rəsulqızı