Turizm regionların inkişafına dəstək verə bilər – Bölgələrdə bu imkanlardan tam istifadə edilməyib

Əvvəlki illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən tədbirlərdən ən çox paytaxt faydalanıb. Regionlarda da turizm müəssisələrinin sayında, çeşidində artım olsa da, bu, Bakı qədər çox və şaxəli deyil.
Sfera.az bildirir ki, Bakıdan fərqli olaraq, regionlarda sağlamlıq, qış turizm növlərinin, kənd turizminin inkişafı üçün imkanlar daha böyükdür və bu sahələrə investisiya qoyuluşunu artırmaqla daxili və xarici turizmi inkişaf etdirmək olar.
Azərbaycanın nadir sağlamlıq turizm seçimlərindən tutmuş qış idman komplekslərinə, mənzərəli yerlərədək təklif edəcəyi məkanlar və istifadə edəcəyi imkanlar çoxdur. Yerli və regional turistlər üçün cəlbediciliyi daha da artırmaq məqsədilə ölkəmizdə bu sahələr də inkişaf etdirilə bilər.
Dünyada sağlamlıq turizminə tələbat getdikcə artmaqdadır. Bu turizm növu məkanları mualicə ilə yanaşı, xüsusi qulluq və digər gözəl xidmətlər də təklif edir.
Ümumiyyətlə, sağlamlıq üçün səyahət edən turistlər daha cox həftəsonları və digər vaxtlarda ölkə daxilində və ya xarici ölkələrdə xüsusi sağlamlıq kursları keçməyə və yaxud müxtəlif təbii üsullarla müalicələr almağa üstünlük verirlər.
Turistlərin sağlamlıq məqsədilə qəbul etdikləri Naftalan neft vannaları Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən olan turistlər üçün xüsusilə, unikal sağlamlıq turizmi məkanıdır. Son illərdə sağlamlıq turizmi məkanlarının, o cümlədən təbii üsulla müalicə sanatoriyalarının yenilənməsi istiqamətində bir sıra tədbirlər görülüb. Son illərdə Naftalan şəhərindəki və Şabran rayonundakı bir neçə sanatoriyanın SPA və sağlamlıq mərkəzi kimi yenidən bərpası buna misal ola bilər. Lakin Naftalanın bütün mövcud sağlamlıq kompleksləri modernləşdirilməyib. Naftalanın və təbii müalicə ehtiyatlarının Avropa və digər region ölkələrindən olan turistlər üçün cəlbediciliyini artırmaq məqsədilə bu məhsullara beynəlxalq səviyyəli aidiyyəti sertifikatın alınmasına və Beynəlxalq SPA Assosiasiyaları ilə əməkdaşlığın qurulmasına ehtiyac var. Buna baxmayaraq, Naftalan nefti və digər müalicəvi əhəmiyyətli təbii ehtiyatlar Azərbaycanın sağlamlıq turizminin imkanlarından istifadə üçün cox əhəmiyyətli potensialdır. Bununla əlaqədar olaraq, sağlamlıq turizmi uzrə Naftalan neftindən, eləcə də Duzdağın təbii ehtiyatlarından istifadə prioritetləşdiriləcək.
Azərbaycanda sağlamlıq turizminin inkişafına dair son illərdə ciddi işlər görülüb. Bu məqsədlə Qəbələ, Şabran, Masallı, Lənkəran və digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli tədbirlər həyata keçirilib.
Son illərdə sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə Bakıdan adıçəkilən regionlara avtomobil, qatar və avtobus əlaqəsi gücləndirilib.
Regionlarda turizmin inkişafı üçün qış idman növlərinə də diqqət artırılıb. Turizmin bu sahəsi Azərbaycan üçün nisbətən yeni bir tendensiya olmaqla bərabər çox geniş potensial vəd edir. Əsas qış turizm məkanlarından olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ) və “Şahdağ” Turizm Mərkəzi QSC (Qusar) yerli və regional turistlər üçün xizəkçilik də daxil olmaqla, bir çox açıq hava idman növlərini təklif edir.
Azərbaycan iki qış idman kompleksi yamaclarının uzunluğuna və qalxma kabinələrinin sayına görə, il ərzində qış turizmi üzrə açıq hava idman növlərindən, o cümlədən xizəkçilikdən istifadəyə imkan verən günlərin sayı baxımından regionda mövcud digər alternativlərlə müqayisədə daha rəqabətqabiliyyətlidir.
“Şahdağ” Turizm Mərkəzi QSC (Qusar) 17 kilometrlik yamac və 9 ədəd qalxma kabinəsi təklifi ilə il ərzində təxminən 120 gün, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ) isə 15 kilometrlik yamac, 5 ədəd qalxma kabinəsi təklifi ilə il ərzində təxminən 110 gün fəaliyyət göstərir.
Düzdür, region ölkələrində qış turizm növü üzrə bir sıra rəqib məkanların olması Azərbaycanın bu turizm növü üzrə potensialından tam istifadəni çətinləşdirir.
Azərbaycanın qış idman komplekslərinin yalnız 4 və 5 ulduzlu mehmanxanalardan ibarət olması onu deməyə əsas verir ki, region ölkələrində olan alternativlərlə müqayisədə həmin mehmanxanalar həm say, həm də qiymət baxımından tam rəqabətqabiliyyətli deyildir.
Məsələn, Tufandağda mehmanxananın minimum qiyməti 50 dollar, Şahdağda 72 dollardır. Palantökəndə (Türkiyə) minimum qiymət 70 dollar, Dizində (İran) 60 dollar, Elbrusda (Rusiya) 56 dollar, Roza Xutorda (Rusiya) 25 dollar, Qoderzdidə (Gürcüstan) 20 dollar, Qudauridə (Gürcüstan) 25 dollardır.
Bazar payının potensial artımı nəzərə alınaraq, qış turizm növünə tələbatın artırılması məqsədilə ölkə ərazisində qış idman komplekslərinə dəstək göstərilməsi, aidiyyəti üzrə qış turizmi məhsullarının çeşidinin artırılmasına şərait yaradılması və onların inkişaf etdirilməsi prioritetləşdirilməlidir.
Regionlarda turizmin inkişafını gücləndirmək məqəsilə kənd turizminə də dəstək verilir. Azərbaycanda kənd turizminin inkişafı üçün güclü potensial var.
Ölkəmizdə kənd turizminin inkişafı məqsədilə 2014-cü ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi yaradılıb. Birliyin əsas məqsədi kənd ərazilərində turizmin inkişafına çalışmaqla bu ərazilərin turizm vasitəsilə sosial, iqtisadi və mədəni inkişafında yaxından iştirak etməkdir. Ölkəmizdə hələlik kənd turizmində daha yüksək inkişaf şimal və şimal-qərb regionunda müşahidə edilir. Bu bölgələrdə turizmin bu növü kütləviləşib.
Kənd turizmi kəndlərdə yaşayan ailələr tərəfindən öz evlərində turistlərin qəbul edilməsi və bunun müqabilində ödənişli xidmətlərin göstərilməsidir. Bu xidmət kənddə yaşayan ailələr üçün əlavə gəlir mənbəyi, kənd ərazilərində yaşayan əhalinin məşğullunun artması deməkdir. Bəzi rayonlarda elə kəndlər var ki, ailələrin əksəriyyəti kənd turizmindən yaxşı gəlir əldə edir. Məsələn, İsmayıllı rayonu kənd turizminin inkişaf etdiyi rayonlardan biridir. Bu rayonun İvanovka, Baskal, Buynuz və sair kəndlərində kənd turizminin inkişaf səviyyəsi yüksəkdir.
Kənd turizmi daxili turizmin inkişafına daha böyük dəstək verir. Paytaxtda və digər iri şəhərlərdə yaşayan əhali kənd yerlərinə üz tutaraq istirahət edirlər. Amma daxili turistlərlə bərabər xarici turistlərin də kənd turizmindən istifadə etdiyi və getdikcə xarici turistlərin sayının artması müşahidə edilir.
Vasif
Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.