Azərbaycanda dollar bahalaşır? - Vüqar Bayramovun ŞƏRHİ

Azərbaycanda dollar bahalaşır? - Vüqar Bayramovun ŞƏRHİ

 ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu qərardan sonra avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır, funt-sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər valyutalar da dollara nisbətən ucuzlaşır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə  alınıb-satılır.

 

Maraqlıdır, sözügedən qərardan sonra Azərbaycanda da dollar bahalaşa bilərmi?

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən Milli Məclisin iqtisadçı-deputatı Vüqar Bayramov deyib ki, FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Onun sözlərinə görə,  anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də, Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib:

 

“ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir. Azərbaycanda isə manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.

 

Deputat qeyd edib ki,  Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır:

 

“Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR