Avropada qaz qiymətləri niyə düşür? – ŞƏRH

Avropada qazın günlük qiymətləri oktyabrda min kubmetr üçün 1-2 min dollar aralığında olacaq.
Sfera.az xəbər verir ki, bunu “Lenta.ru” ilə söhbətində Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.
Həftənin əvvəlində Londonun ICE birjasında oktyabr ayı qaz fyuçerslərinin qiymətləri min kubmetr üçün 1900 dollardan aşağı düşüb. Yanacağın qiyməti sonuncu dəfə iyulun 26-da bu səviyyədə olub.
"Qazın qiymətinin aşağı düşməsi indi bir neçə amillə bağlıdır", - deyə Yuşkov bildirib:
“Birincisi, bu, Avropanın enerji bazarında sentyabr və oktyabr ayları ərzində davam edəcək müəyyən qədər sakitləşmənin əlamətidir. Regionda istilər artıq geridə qalıb, kondisionerlərdən istifadəyə ehtiyac qalmayıb, qış mövsümü isə hələ başlamayıb. Beləliklə, ümumi enerji istehlakı azalır”.
Həmçinin, analitikin fikrincə, digər enerji mənbələri, məsələn, atom elektrik stansiyaları da işə başlayıb.
Mütəxəsis qiymətin aşağı düşməsinə səbəb olan daha bir amil kimi yeraltı qaz anbarlarının lazım olan həcmdə qazla doldurulmasını göstərdi:
“Anbarlar artıq 80 faiz doludur. Qışa qədər doluluq 90 faizə çata bilər. Ehtiyatların çox olması gərginliyi aradan qaldırır və bu, qiymətlərə təsir göstərir. Gözlənilməz bir hadisə verməsə, sentyabr və oktyabr aylarında qazın qiyməti nisbətən aşağı səviyyədə olacaq. Bu zaman qiymətlər 1-2 min dollar arasında dəyişəcək”.
Vasif,
Sfera.az