Azərbaycan hansı qida məhsullarının idxalına daha çox pul xərcləyir? - SİYAHI

Azərbaycan hər il yüz milyonlarla dollar dəyərində vəsait xərcləyərək xaricdən qida məhsulları idxal edir. İdxal edilən məhsulların çeşidi çoxdur və son illərdə onların idxalında nəzərəçarpacaq artım müşahidə olunur. 2022-ci ilin ilk 8 ayının məlumatına əsasən, Azərbaycana 1,383 milyard dollar dəyərində qida məhsulları idxal edilib. Son bir ildə qida məhsullarının idxalına çəkilən xərc 238 milyon dollar artıb. Ötən ilin bu dövründə 1,145 milyard dollarlıq yeyinti məhsulları alınmışdı.
Bəs Azərbaycan daha çox pulu hansı yeyinti məhsullarının idxalına xərcləyir?
Sfera.az xəbər verir ki, yeyinti məhsulları arasında daha çox pul 4 məhsula xərclənir. Ən çox pul buğda idxalına gedir. 2022-ci ildə buğda idxalına 193,5 milyon dollar xərclənib və cəmi yeyinti məhsullarına çəkilən xərcin 14 faizini təşkil edib.
Bitki və heyvan mənşəli yağların idxalına 172 milyon dollar xərclənib. Bu istiqamət üzrə çəkilən xərc qida mallarının idxalının 12,4 faizi qədərindədir.
Meyvə-tərəvəz məhsullarının idxalına da xeyli pul xərclənir. 2022-ci ilin 8 ayında 151 milyon dollardan artıq, yəni cəmi qida məhsullarının idxalının 11 faizi qədərində vəsait sərf olunub.
Şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarına isə 140 milyon dollar ayrılıb. Bu məhsula çəkilən xərc yeyinti məhsullarının alışına ayrılan pulun 10,1 faizini təşkil edir.
Adıçəkilən mal qrupları üzrə idxala ümumilikdə 656 milyon dollardan (qida məhsullarının 47,4 faizi) artıq pul xərclənib.
Qeyd edilənənlərlə bərabər kərə yağı (74 milyon dollar), kakao (58,1 milyon dollart), çay (48 milyon dollar), ət (45,5 milyon dollar), düyü (35 milyon dollar) idxalına da çox pul gedir.
Vasif,
Sfera.az