Asiyalı milyarder Ceff Bezosu taxtından saldı, İlon Maska yaxınlaşdı - FOTO

“Adani Group”un sədri və qurucusu hindistanlı iş adamı Qautam Adani ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezosu taxtdan salaraq, dünyanın ikinci ən zəngin adamı ünvanına yiyələnib.
Sfera.az xəbər verir ki, Bezosun sərvəti 145,8 milyard dollara endikdən sonra Adani 146,9 milyard dollar sərvəti ilə siyahıda ikinci yerdə qərarlaşıb. Birinci yerdə isə 260 milyard dollarlıq sərvətlə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask qərarlaşıb.
Analitiklər sərvət reytinqindəki dəyişikliyin qısamüddətli ola biləcəyini və bu il 26 faizdən çox ucuzlaşan “Amazon” səhmləri ilə bağlı olduğunu düşünürlər.
Xatırladaq ki, Adani fevralda Asiyanın ən zəngin iş adamı olan hindistanlı milyarder Mukeş Ambanini keçdikdən sonra Bill Qeyts və fransalı Bernard Arnonu da taxtdan salıb. Bu inkişafla bir asiyalı iş adamı ilk dəfə olaraq ABŞ texnologiya sahibkarlarının üstünlük təşkil etdiyi sərvət indeksinin zirvəsində dayanır.
Adaninin qurucusu olduğu Adani Qrupunun neft-kimya, aerokosmik, müdafiə və məlumat mərkəzləri daxil olmaqla bir çox sektorda investisiyaları var. Son zamanlar Adani Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco”da müştərək müəssisə də daxil olmaqla tikinti, polad kimi bir çox sahədə iş aparır.
Vasif,
Sfera.az