Paşinyan gecə zəngində Putindən nə istəyib? – “Ümid edirdi ki, bəlkə...”

Paşinyan gecə zəngində Putindən nə istəyib? – “Ümid edirdi ki, bəlkə...”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gecə Rusiya prezidenti Vladimir Putinə zəng edərək Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.



Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır. İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər.


Telefon danışığı barədə fikirlərini Sfera.az-la bölüşən  beynəxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidovun sözlərinə görə, Paşinyanın Putinə zəng etməsində məqsəd ilk növbədə Rusiyanı və KTMT-ni sərhəddə baş verənlərə müdaxiləsini təmin etməkdir:

 

“Paşinyan özü də başa düşür ki, hazırda Ermənistanın Azərbaycanın qarşısında tab gətirməyə hərbi gücü yoxdur. Ona görə də Rusiyanın köməyinə ümid edir. Halbuki KTMT-nin nümayəndələri Ermənistana gəldilər və bəyanat verdilər ki, məsələ sülh və danışıqlar yolu ilə həll edilməlidir. Paşinyan isə ümid edirdi ki, bəlkə KTMT hərbi vasitəyə əl atar, sülhməramlılar göndərər və baş verənlərə bu yolla əl qoymuş olar. Bu mənada Paşinyanın ümidləri puça çıxmış oldu. Çünki KTMT-də Azərbaycana dost olan dövlət var, bunların başında Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi Mərkəzi Asiya dövlətləri durur. Onlar heç bir halda məsələnin güc yolu ilə həllinin tərəfdarı olmazlar. Paşinyan yəqin ki, məlum telefon danışığında Putindən Azərbaycana təzyiq göstərməsini xahiş edib. Amma onun bütün istəkləri və ümidləri hədərdir".

 

Ermənistanın təxribatlarında Rusiya “əli”nin olmasına gəlincə, S.Zahidov bu ehtimalın kifayət qədər yüksək olduğunu qeyd edib:

 

“Bəziləri, xüsusilə rusiyalı politoloqlar qeyd edirlər ki, baş verənlərdə ilk növbədə Qərbin, ABŞ-ın “əli”i var. Qərb, əsasən də Avropa Birliyi (AB) bölgədə sülhün olmağında maraqlıdır. Çünki AB hazırda Azərbaycanla böyük enerji layihələrinə imza atmaq ərəfəsindədir. AB Rusiyadan olan enerji asılılığını azaltmaq istəyir və Azərbaycana alternativ yol kimi baxır. Belə olan halda AB iqtisadi sahədə  öz maraqlarını təmin etmək üçün siyasi sabitliyin olmasında maraqlıdır. Məhz bu səbəbdən Şarl Mişel Brüssel görüşünün baş tutmasına təşəbbüs göstərdi. Bir sözlə, Qərb sərhəddə təxribatların olmasında maraqlı deyil. Rusiya isə əksinə, iğtişaşın baş verməsini istəyir. Kreml istəmir ki, AB Qafqazdan alternativ yol kimi istifadə etsin, öz enerji təminatının ödənməsində Qafqaza, xüsusilə, Azərbaycana bel bağlamış olsun. Bu, Rusiyanın planlarının alt-üst olması deməkdir, çünki Rusiya AB-ni Ukrayna müharibəsi fonunda özündən asılı vəziyyətdə saxlamaq, əlindəki rıçaqları itirməmək istəyir. Bu baxımdan rəsmi Moskva Ermənistanı Azərbaycana qarşı təxribat törətməyə təhrik edir. Tarix boyu da Rusiya bölgədə münaqişəni alovlandıran qüvvə olub, “Parçala və hökm sür” siyasətini tətbiq edən imperialist güc məhz Rusiyadır”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR