Nensi Pelosi İrəvana gəlir? – Müəmma davam edir, rəsmi təsdiq yoxdur

Nensi Pelosi İrəvana gəlir? – Müəmma davam edir, rəsmi təsdiq yoxdur

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək. O, Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşəcək. Bu barədə ABŞ-ın erməni diasporuna yaxın olan mənbələr məlumat verib. Səfərin baş tutacağı barədə rəsmi təsdiq yoxdur.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Nensinin qalmaqallı Tayvan səfəri də belə sirr pərdəsi ilə örtülmüşdü və son dəqiqələrə qədər bu səfərin baş tutacağı barədə ziddiyyətli fikirlər dolaşırdı:

 

“Çin tərəfindən ola biləcək real təhlükəni nəzərə alsaq, onun bu cür addım atmasını həyatı üçün ola biləcək təhlükə ilə əlaqələndirilməsi dünya ictimaiyyəti tərəfindən qəbul edildi. Bəs, İrəvana səfəri zamanı Pelosini hansı təhlükə gözləyir? Düşündüyüm qədər regionda Pelosinin İrəvana istiqamət götürəcək təyyarəsini Rusiya da daxil olmaqla heç kim vurub aşağı salmaq istəmir. Çünki Tayvandan fərqli olaraq Ermənistan ərazisinə iddia edən dövlət yoxdur. Belə olan halda, onun səfərinin gizli saxlanılmasında məqsəd nədir? Görünən odur ki, ABŞ-dakı erməni lobbisi hakimiyyət dairələrində Ermənistana səfər etmək və Paşinyanın başına ağıl qoymaq üçün daha ciddi namizəd tapmayıblar və ya bu missiya üçün nəzərdə tutulan məbləğə yalnız Pelosi razılıq verib. Ola bilər ki, Nensinin heç nəzərdə tutulmayan səfəri haqqında feyk məlumat verərək onu fakt qarşısında qoymaq və bununla da səfərə nail olmaq istəyiblər. Bu məsələdə Amerika Erməni Assembleyası və onun həmsədri Antoni Barsamian daha ciddi fəallıq göstərir”.

 

Müsahibimiz deyib ki, bu səfər 30 ildən artıq ABŞ-ın yeritdiyi ikili standartın davamıdır:

 

“Belə olmasaydı, Pelosi İrəvanla birlikdə Bakıya da səfər edərdi və vəziyyəti yerindəcə ədalətli şəkildə qiymətləndirmək imkanı əldə edərdi. Deməli, Pelosi münaqişəni aradan qaldırmaq üçün deyil, onu daha da qızışdırmaq, ermənilərə Azərbaycana qarşı təxribatlarını davam etdirməkdə dəstək ifadə etmək üçün Ermənistana səfər  edir. Bu səfər xeyirxah məqsəd güdmür. Tayvana səfərdə olduğu kimi...Baş tutacağı halda, onun bu səfərinin nəticəsi Ermənistana daha acınacaqlı nəticələr verəcək. Çünki ABŞ hakimiyyət dairələri Pelosinin nə qədər özbaşına hərəkət etdiyini sübut etməyə çalışsalar da, bu Rusiya tərəfindən düşmənçilik aktı kimi qiymətləndiriləcək və təbii ki, kötək Pelosiyə deyil, Paşinyana dəyəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR