“Azərbaycanla tərəfdaşlığı qorumalıyıq, İranla Rusiya çalışacaq ki...” – Robert Sekutanın TƏHLİLİ
Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzi olan Xəzər Siyasəti Mərkəzinin məsləhət şurasının üzvü, 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta Avropanın alternativ mənbələrdən enerji daşıyıcıları ilə təminatı ilə bağlı təhlil xarakterli yazı hazırlayıb.
Bostonherald.com saytında dərc edilən məqalə “Bayden Avropada alternativ enerji qaynaqlarını dəstəkləməlidir” sərlöhvəsi ilə yayımlanıb.
Sekuta təhlilində Avropanın enerji təminatında Azərbaycanın oynadığa rola xüsusi yer verib. Qeyd edək ki, Sekuta diplomat olmaqla bərabər həm də enerji sahəsi üzrə mütəxəsisdir.
Sfera.az saytı Robert Sekutanın təhlil yazısını təqdim edir:
- Rusiya qaz tədarükünü dayandırdığı bir vaxtda onsuz da qaz qıtlığı yaşayan bütün Avropa dövlətləri öz vətəndaşlarının enerji istehlakını məhdudlaşdırmağa hazırlaşır. Yayda bütün qitəni əhatə edən isti dalğası fonunda avropalılar kondisionerdən istifadəni məhdudlaşdırmalı oldular. Bir neçə həftədən sonra, soyuq havalar yenidən tələbi artırdıqda isə yeni problemlər haqqında məlumatlar yayılacaq, neft və qaz ehtiyatlarına artan ehtiyacın təsirləri bütün planetdə hiss olunacaq.
Bu, Avropanın enerji böhranı deyil, dünyanın böhranıdır. Ötən illər ərzində bizi bu nöqtəyə gətirən bir çox amil və hərəkətlər var. Onlardan biri həlledicidir. Belə ki, on ildən əvvəl Almaniya və digər Avropa dövlətləri enerji sahəsində etibarsız tərəfdaş olan Rusiyaya güvənməklə səhvə yol verdilər. Polşa, Baltikyanı ölkələr və başqaları təhlükələri görüb xəbərdarlıq edirdilər, lakin Rusiyanın irəli sürdüyü təminatlar daha cəlbedici göründü və başqa dəyərləri üstələdi.
Bu qarışıqlıqdan ancaq bir çıxış yolu var: alternativ və ən əsası etibarlı mənbələr tapmaq.
Birləşmiş Ştatlar Avropanın enerji təminatını yaxşılaşdırmaq üçün üzərinə düşəni etdi. Hətta bu məqsədlə öz strateji neft ehtiyatlarının da bir hissəsini istehlaka yönəltdi. Prezident Bayden və başqaları istehsalı mümkün qədər tez artırmağa çalışmaq üçün Yaxın Şərqdə və başqa yerlərdə əsas enerji istehsalçılarını cəlb edərək diplomatik səylər göstərdilər. Ancaq bu yükü yalnız ABŞ öz üzərinə götürə bilməz. Bu böhran Avropanın enerji siyasətinin uğursuzluğudur. İndi onlar təchizat zənciri diplomatiyasında daha çox iş görməlidirlər.
Sevindirici haldır ki, Avropa İttifaqı (Aİ) və onun ayrı-ayrı üzvləri nəhayət, bəzi uzunmüddətli planları həyata keçirməyə başlayıb. Aİ təbii qazın alınması üçün yeni proqram həyata keçirir. Avropalılar Afrikanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkəsi olan Nigeriyada həmkarları ilə görüşüb, Avropaya daha çox ixrac həyata keçirmək üçün ölməkdə olan Trans-Niger boru kəmərinin yenidən açılmasını müzakirə ediblər. Aİ, İsrail və Misir arasında üçtərəfli qaz sazişini də imzalandı. Oxşar razılaşmalar Almaniya ilə Qətər, İtaliya ilə Əlcəzair arasında da əldə olunub. Hətta Almaniya mayeləşdirilmiş təbii qaz üçün öz idxal infrastrukturunun yaradılmasını sürətləndirmək üçün addımlar atır.
Bu razılaşmaların davamı kimi bir razılaşma var ki, o, xüsusilə ümidvericidir. Söhbət, Aİ-nin Azərbaycanla imzaladığı müqavilədən gedir. Yeni razılaşma Azərbaycandan qaz idxalını iki dəfə artırmağı nəzərədə tutur.
Rusiya, İran və Türkiyə arasında sıxışmış Cənubi Qafqazdakı bu postsovet dövləti istifadə olunmamış külək və yaşıl hidrogen potensialı ilə yanaşı, böyük Xəzər neft və qaz ehtiyatlarına malikdir. Coğrafi mövqeyi onu Avropanı Şərqi və Cənubi Asiyaya birləşdirən yeganə marşrutun strateji açarına çevirir; bu, Rusiya və ya İran ərazisindən keçməkdən yayınan “orta dəhliz” adlanan yerdir.
Azərbaycanı fərqli edən onun enerji tərəfdaşı kimi gətirdiyi iki mühüm üstünlükdür. Birincisi, birbaşa Aİ-yə gedən və Rusiyadan yan keçən boru kəmərləri var. Həmçinin, bu boru kəmərləri Mərkəzi Asiyadan daha çox neft və qaz nəql etmək üçün genişləndirilə bilər.
İkincisi, 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən az sonra Azərbaycan öz enerji sektorunu Qərb neft nəhəngləri ilə tərəfdaşlıq şəraitində inkişaf etdirdi. Azərbaycan otuz ildən artıqdır ki, Qərb üçün etibarlı tərəfdaş olduğunu sübut edib.
Yeni saziş qaz ixracının beş il ərzində iki dəfə artırılmasını nəzərdə tutsa da, Azərbaycan hazırkı böhranın daha geniş və uzunmüddətli davamlı həllinin ancaq bir hissəsi – əlbəttə ki, mühüm hissəsi olacaqdır.
Nəhayət, Avropa uzunmüddətli düşünür və lazımi həlli hərəkətə gətirir. Bəli, on il bundan əvvəl müəyyən addımlar atılmalı idi, lakin yeni Aİ-Azərbaycan Enerji Memorandumu alqışlanan hadisədir.
Bununla belə, hər yeni həll yolu ilə yeni problemlər ortaya çıxır. Dünya digər regional güclərə, xüsusən də Rusiya və İrana qarşı hazırlıqlı olmalıdır ki, Aİ-Azərbaycan tərəfdaşlığı təhlükədən qorunsun. Onlar təhdid, yalan və ya zorakılıqla bu razılaşmanı pozmağa çalışacaqlar. Buna yol vermək olmaz və burada ən mühüm rol ABŞ-ın üzərinə düşür.
ABŞ Avropanın enerji ehtiyaclarını və artan qlobal enerji böhranını həll etmək üçün artıq bir çox ağır yükləri qaldırıb. Amma bizim edə biləcəyimiz və etməli olduğumuz daha bir şey var: Azərbaycanla bağlanan müqavilə bizim malik olduğumuz bütün texniki nou-hau və diplomatik ehtiyatla dəstəklənməlidir. Bunu etmək bizim həyati strateji maraqlarımıza uyğundur – təkcə düzgün addım olduğuna görə deyil, həm də ona görə ki, qlobal iqtisadi reallıqlar amerikalıların da Kremlin və ya Tehranın şıltaqlıqlarından əziyyət çəkməsi deməkdir.
Vasif
Sfera.az