“COVID-19 əleyhinə vaksinlər hər il yenilənəcək”
“COVID-19 əleyhinə istifadə olunan vaksinlər qrip peyvəndi kimi hər il yenilənəcək”.
Sfera.az bildirir ki, bunu Ağ Evin baş tibb müşaviri Entoni Fauçi deyib.
O qeyd edib ki, virusda kəskin dəyişiklik müşahidə olunarsa, dozalararası interval da fərqli ola bilər:
“Çox güman ki, koronavirus əleyhinə hazırlanan vaksinlər vətəndaşlara hər il tətbiq ediləcək, eynilə qrip infeksiyasında olduğu kimi. Biz bu istiqamətə doğru irəliləyirik”.
Ağ Evin COVID-19-la mübarizə koordinatoru Aşiş Ça isə bunu “vacib dönüş nöqtəsi” kimi qiymətləndirib.
“Hazırda elə bir nöqtədəyik ki, bir illik koronavirus peyvəndi vasitəsilə əhalinin bütün ilboyu ciddi xəstəliklərdən yüksək dərəcədə qorunması təmin edilməlidir. Lakin yüksək riskli şəxslər əsasən yan xəstəliyi olanlar və yaşlı insanlardır. Məsələn, 80 yaşlarında olan valideynlərimi və ya yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirmiş yaxın dostlarımdan birini düşünürəm, onların peyvəndə illik müdafiədən daha çox ehtiyacı ola bilər”.
Digər tərəfdən, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) dərc etdiyi məlumatlar peyvənd müzakirələrinə son qoyub. Belə ki, CDC peyvənd olunmayan insanların koronavirusdan ölmə ehtimalının 9 dəfə çox olduğunu açıqlayıb.
Günay Rəsulqızı,
Sfera.az