“Qarabağdan və Ağrı dağdan rəsmən imtina etsinlər...” – Sülh müqaviləsi üçün Ermənistana şərt
Paşinyanın rəhbəri olduğu hakim “Vətəndaş müqaviləsi” partiyasının təmsilçisi Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ statusunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını deyib. O, bu məlumatın Paşinyanın öz fraksiyasından olan deputatlarla görüşündə verdiyini bildirib:
“Əsas maneə İrəvanın gələcək müqavilədə Qarabağın statusu və əhalisinin təhlükəsizliyi məsələsini həll etməkdə israrlı olmasıdır. Azərbaycan ümumiyyətlə, bu barədə (status) danışmaq istəmir”.
Sfera.az bildirir ki, bununla bağlı danışan politoloq Zaur Məmmədov deyib ki, Bakı nə ATƏT-lə, nə də Ermənistanla status məsələsini müzakirə etmək fikrində deyil:
“Prezidentin də qeyd etdiyi kimi Qarabağa heç bir status verilməyəcək. Əlbəttə, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Biz o şərtlə danışıqlarda iştirak edirik ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddia qaldıra bilər. Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada qeyri - qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda qərbi azərbaycanlıların icmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək”.
Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməlidir:
“1991-ci ildə Ermənistan tərəfindən qəbul edilən Müstəqillik haqqında Aktda bu sənədin – 1989-cu ilin Ermənistan Ali Məclisinin qərarına və Qarabağla Ermənistanın birləşməsi ilə bağlı 1 dekabr 1989-cu il Dağlıq Qarabağ milli məclisinin qərarları əsasında hazırlandığı qeyd edilir. Əlbəttə, 2 dekabr tarixində qəbul edilən kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur. Lakin bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı dağından imtinası çox vacibdir”.
Günay Rəsulqızı