Hansı məhsullarla özümüzü 100 faiz təmin edə bilirik? – RƏQƏMLƏR

Hansı məhsullarla özümüzü 100 faiz təmin edə bilirik? – RƏQƏMLƏR

Azərbaycanın əsas bitkiçilik və heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi açıqlanıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə taxıl məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yaxşılaşıb. 2020-ci ildə taxılla özümüzü 68,1 faiz təmin edə bilirdiksə, ötən il bu göstərici 73,7 faizə yüksəlib. 


Taxılla özünütəminetmə səviyyəsinin yaxşılaşmasına buğda, arpa, qarğıdalı və vələmirlə təminatın yüksəlməsi kömək edib. 


Özünütəminetmə səviyyəsi buğdada 57,1 faizdən 61,5 faizə, arpada 94,6 faizdən 102 faizə, qarğıdalıda 86,6 faizdən 93,6 faizə, vələmirdə 86,6 faizdən 88,5 faizə qədər artıb. 


Mühüm bitkiçilik məhsullarından paxlalılarda, kartofda və üzümdə isə təminetmə göstəricisi pisləşib. Göstərici paxlalılarda 60,3 faizdən 56,4 faizə, kartofda 90,6 faizdən 88,8 faizə, üzümdə 95,8 faizdən 94,4 faizə enib. 


Azərbaycan tərəvəz, bostan məhsulları və meyvə ilə özünü tam təmin edə bilir. Özünütəminetmə səviyyəsi tərəvəzlərdə 106,6 faiz, o cümlədən pomidorda 121,1 faiz, bostan məhsullarında 102,6 faiz, meyvələrdə 123 faiz təşkil edib.


Azərbaycan heyvandarlıq məhsullarından yalnız yumurta ilə özünü 100 faiz təmin edə bilir. Digərlərindən süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 85 faiz, balıq və balıq məhsulları ilə təminat isə 78 faiz olub. 


Bütün növ ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi bir qədər yaxşılaşıb. Bütün növ ət və ət məhsulları ilə təminat 84,5 faizdən 86,4 faizə yüksəlib. 


Artım daha çox mal əti ilə təminatın yaxşılaşması hesabına baş verib. Mal əti və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 87,4 faizdən 92 faizə çatıb. Qoyun əti ilə təminat 98 faiz, donuz əti ilə təminat 5 faiz, quş əti ilə təminat isə 80 faiz olub. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR