Böyük şirkətlər Çini tərk edir – Üz tutduqları ölkələr isə..

ABŞ-ın və dünyanın məşhur “Apple” şirkəti Çindəki müəssisələrini Vyetnam və Hindistanla əvəz etmək istəyir. Şirkət Vyetnamda kompüterlər, Hindistanda isə telefonlar istehsal edəcək. Şirkətin Çini sürətlə tərk etməsinin səbəbi ABŞ-la Çin arasında mümkün müharibə ilə bağlıdır.
Sfera.az-ın məlumatına görə, bu barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, böyük şirkətlərin rəhbərləri və analitikləri Tayvan ətrafında vəziyyət gərginliyin davam edəcəyini proqnozlaşdırırlar:
““Financial Times” dərgisi avqustda Tayvan ətrafında gərginliyin artmasıyla yanaşı, böyük şirkətlərin Çin bazarını tərk etmələriylə bağlı planlar qurmaları barədə məqalə yayımlayıb. Vaşinqtonun Çini tərk etməklə bağlı böyük şirkətlərə təzyiqi artıb. Vaşinqton həmin şirkətlərə məsləhət görüb ki, bizneslərini şaxələndirsinlər və Çinə qonşu olan ölkələrə köçsünlər. Buna baxmayaraq, Çin böyük şirkətlər üçün əsas bazardır. Ona görə həmin şirkətlər Çini dərhal tərk edə bilməzlər. Digər tərəfdən çinlilərin maaşlarının az olması böyük şirkətlərə sərf edir. Ancaq böyük şirkətlər istehsalın bir hissəsini Çindən Vyetnama, Hindistana və Malayziyaya köçürmək barədə qərar verməyə hazırdırlar”.
Politoloq qeyd edib ki, sözügedən şirkətlər payız aylarında Çin Kommunist Partiyasının qurultayının nəticəsini də gözləyəcəklər:
“Kommunist Partiyasının və ölkənin lideri Tsi Sinpin ənəni pozaraq üçüncü dəfə partiyaya rəhbər seçilmək istəyir. Əgər bu qurultaydan sonra Pekinin Kremllə yaxınlaşması sürətlənərsə, Tayvan ətrafında ABŞ-la müharibə ehtimalı artacaq”.
Günay Rəsulqızı