“Qorxmağa ehtiyac yoxdur” – Koronavirus qayıdır?
Dünya mediasında koronavirusla bağlı silsilə xəbərdaredici məlumat yayılır. Qeyd olunur ki, yoluxma halları artır və bu, payız aylarında müəyyən təhlükələrə səbəb ola bilər. Ölkəmizdə də son sutkada yeni növ koronavirus infeksiyasına 568 yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb. Bəzi obyektlərdə, səhiyyə, ictimai-iaşə müəssisələrində xüsusən çalışanlardan maska taxılmasının tələb edilməsi cəmiyyətdə də çaşqınlıq yaradıb.
Bu barədə Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev isə deyib ki, COVİD-19-la bağlı hazırda dünya mediasında söylənilən və yazılanları qabartmaq yolverilməzdir:
“İlk növbədə artımın növbələşdiyi ölkələrdə əhali sayı, yoluxma və letallıq indeksi müqayisəli təhlil edilməli və dəyərləndirilməlidir. Əhali sayına münasibətdə yoluxma və peyvəndləmə nəzərə alınarsa, son iki əmsal, Azərbaycanda yaşayanların hər biri üçün hazırda sıfır faizdir. Yəni, aktiv, fəal COVİD-19 adlı öldürücü infeksiya ölkəmizdə yoxdur”.
Müsahibimiz qeyd edib ki, digər tərəfdən bəzi tədqiqatçılar koronavirusdan qorxmaq lazım olmadığını, onun qrip kimi qorxusuz, fəsli infeksiya olduğunu vurğulayırlar:
“Amma qrip COVİD-19-dan dəfələrlə qorxulu və təhlükəli infeksiyadır. Hər il qorxusuz saydığımız fəsli infeksiya kimi peyda olan qripdən 650 minə qədər insan dünyasını dəyişir. XX əsirdə 4 qrip pandemiyasının təkcə birincisində vəfat edən insanların ümumi sayı, Birinci və İkinci Dünya müharibəsi qurbanlarının ümumi sayından xeyli çoxdur”.
Günay Rəsulqızı