“50 ildir Rusiya bazarına pomidoru qəzetə büküb göndəririk” - Ekspert
“Bu ilin ilk 6 ayında Azərbaycan 12 milyon 53 min dollarlıq 18,6 min ton alma ixrac edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 35,6% azdır, çox ciddi azalma var”.
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, daha bir problem odur ki, alma ixracının 96,3%-i Rusiya bazarına olub:
“Bu fakt aqrar məhsul olan pomidora da aiddir. Bu ilin ilk 6 ayında 122 mln. 600 min dollarlıq 105 min ton pomidor ixrac etmişik ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 8% azdır. İxrac edilən pomidorun 97,6%-i Rusiyaya gedib - fantastik dərəcədə böyük asılılıqdır”.
Ekspert qeyd edib ki, Rusiyadan bu qədər asılılıq iqtisadi məsələ deyil, həm də təhlükəsizlik məsələsidir:
“Niyə bu qədər asılıyıq?! Çünki bir ovuc məmur-biznesmenin marağına görə, ÜTT-yə üzv olmaq, bazarı açmaq, AB ilə yeni saziş imzalamaq, yerli iş adamlarının başqa xarici bazarlara çıxışını təmin edəcək addımlar atılmır. Müasir qablaşdırma, sertifikatlar və s. 50 ildir Rusiya bazarına pomidoru qəzetə büküb göndəririk”.
Türkan