Şahin Mustafayev və Mqer Qriqoryan razılığa gələ biləcək? – “Rusiya “suları bulandırmağa” çalışacaq”

Şahin Mustafayev və Mqer Qriqoryan razılığa gələ biləcək? – “Rusiya “suları bulandırmağa” çalışacaq”

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib. Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov  budəfəki görüşün də konstruktiv keçəcəyinə inandığını deyib. Müsahibimizin sözlərinə görə, xüsusilə ermənilərin Laçından çıxması buna şərait yaradır:

 

“Doğrudur, Rusiya nümayəndə heyəti hansısa formada "suları bulandırmağa" çalışa bilər. Amma Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirərsə, bu, həlledici olmayacaq. Düşünürəm ki, Ermənistan Türkiyə rəsmilərinin, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun verdikləri mesajlardan dərs çıxaracaq. Rəsmi Ankaranın mövqeyi aydındır. Dəfələrlə bəyan ediblər ki, Azərbaycan  "qırmızı xəttimizdir" və bizimlə diplomatik münasibətlərin bərpası Azərbaycanla münasibətlərin normallaşmasından keçir. İrəvan öz regional siyasətində bu açıqlamaları postsulat kimi qəbul etməlidir. Ermənistanın işi indi o qədər asan olmasa da, Paşinyan axmaq siyasətçi deyil. O, Ermənistanın gələcəyinin indi atılan addımlardan asılı olduğunu başa düşür. Əgər bu gün İrəvan Moskvanın təsirindən çıxa bilməsə, gələcəkdə daha çətin olacaq”.

 

K.Novruzov qeyd edib ki, nümayəndə heyətlərinin görüşündə Ağdərə məsələsi də gündəmdə olacaq:

 

“Hər halda Ağdərə, Xankəndi bizim növbəti hədəflərimiz olmalı, artıq bu istiqamətdə işlər başlamalıdır. Türkiyə xəbərdarlıqlarını davam etdirdikcə Ermənistan reallığı qəbul etməyə başlayacaq. Bu mənada, yəqin ki, Ankara İrəvanı doğru yola çəkməkdən ötrü müntəzəm bəyanatlar səsləndirəcək, xatırlatlamalar edəcək. Digər tərəfdən dünən Ermənistan mətbuatı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 31- də Brüsseldə görüşə biləcəkləri barədə məlumat yaydı. Azərbaycan tərəfi hələlik bu iddianı təsdiqləməyib. Amma görüşün baş tutması mümkündür. Əgər Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə görüş olacaqsa, o zaman yəqin ki, Şahin Mustafayevlə Mqer Qriqoryanın müzakirəsinin nəticələri barədə də fikir mübadiləsi aparılacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR