Zəngəzur dəhlizinin açılmasını Türkiyə Rusiya ilə müzakirə edir - Açıqlama

“Azərbaycan üçün Ermənistanla danışıqlar predmeti olacaq əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Artıq Qarabağ münaqişəsi bitib və bəzi problemlerin həlli İrəvanla müzakirə edilməyəcək. Artıq Qarabağda yerli ermənilərlə təmas reallaşıb. Ona görə də Ermənistanla danışıqlar iki ölkə arasında münasibətlərin qurulmasıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılmasıdır”.
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması nə qədər strateji əhəmiyyətlidirsə, Türkiyə üçün də pioritet kəsb edir:
“Türkiyənin Mərkəzi Asiyaya açılması, türk dövlətləri ilə siyasi-iqtisadi əlaqələri, həmçinin Rusiya ilə dəmiryol əlaqəsi, məhz bu dəhliz vasitəsilə reallaşmalıdır. Yeni dünya nizamında Türkiyənin siyasi-iqtisadi mövqeyinin möhkəmlənməsində, bu dəhlizin açılması xüsusi əhəmiyyət kəsb edir. Artıq Ankara "Zəngəzur" dəhlizinin açılmasını Rusiya ilə müzakirə edir.
Qeyd edim ki, ilk əvvəl Rusiya da bu dəhlizin açılmamasında maraqlı idi. Ukrayna müharibəsi fonunda Rusiyaya ağır iqtisadi sanksiyalar Kremli öz mövqeyindən geri çəkilməsinə gətirib çıxardı. Xüsusilə Ankara dəhlizin açılmasını Moskva ilə razılaşdırdı. Demək, Bakı-Ankara və Moskva Zəngəzur dəhlizinin açılması istiqamətində razılığa gəlib. Hazırda İrəvan və Tehran belə bir dəhlizin açılmamasında maraqlıdır. Ermənistan baxmayaraq ki, 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndinə əsasən müddətsiz dəhlizin açılmasına razılaşıb. Həmişə kimi Ermənistan yenə də razılaşmalardan geri çəkilir. Unudur ki, artıq Azərbaycan qalib tərəfdir və Ermənistanın çıxış yolu yoxdur”.
Ekspertin sözlərinə görə, bəyannamədə dəhlizin açılması qeyd edilibsə, İrəvanın bütün avantüralarına rəğmən açılacaq. Çünki öhdəliyə imza atıb:
“Rəsmi İrəvan məhz türkfobiya siyasətinə görə belə bir dəhlizdən imtina edir. İran da Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi mövqeyinin artmasından narahat olduğu üçün dəhlizin açılmasını kəskin şəkildə qəbul etməyəcəyini elan edir. Böyük Britaniya və Avropa da Zəngəzur dəhlinin açılmasında maraqlıdır. Rusiyadan yan keçən Qərblə-Şərqi birləşdirən bu nəqliyyat dəhlizinin iqtisadi faydalarının fərqindədir. Qərb də yeni marşrutla Çin və Uzaq Şərq ölkələri ilə quru əlaqəsini bərpa etmiş olur.
Növbəti dəfə Prezident İlham Əliyev və N. Paşinyan görüşündə "Zəngəzur dəhlizi"nin açılması müzakirə ediləcək. Prezident İlham Əliyev bu məsələdə prinsipialdır və rəsmi İrəvan buna getməsə güc tətbiqindən də çəkinməyəcək”.
Turan Rzayev