Bahalaşma davam edəcək? – Natiq Cəfərlinin şərhi

Bahalaşma davam edəcək? – Natiq Cəfərlinin şərhi

Çörək və yumurta kimi qida məhsullarının bahalaşmasının ardınca digər ərzaq məhsullarında da qiymət artımının olacağı haqda narahatlıqlar var.

Maraqlıdır, sözügedən bahalaşma digər artımlara da yol aça bilərmi? Daha hansı qida məhsullarının qiyməti dəyişəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, ölkədə qiymət artımının, infliyasiyanın sürəti təkcə çörək və yumurtadan asılı deyil:

 

“Yəni çörəyin qiymətinin artması digər məhsulların da qiymətinin artması demək deyil. Onsuz da qiymətlərdə artım müşahidə olunur. Çörəyin və yumurtanın qiymətinin artması nəticədir. Səbəb isə ümumi infliyasiya proseslərdir. Təəssüf ki, infliyasiya getdikcə sürətlənir və belə də davam edəcək. Bunun qısa müddətli həll yolu vergi və gömrük güzəştləridir”.

 

Müsahibimiz qeyd edib ki, ərzaq, qida məhsulları , o cümlədən dərman preparatlarına sosial yönümlü məsələlərdə əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilməlidir:

 

“Ancaq bu yolla qiymət artımı və infliyasiyanın qarşısını almaq mümkün ola bilər. Bunun başqa yolu yoxdur. Çünki qiymət artımı o qədər sürətlənib ki, həm xaricdən asılıdır – idxal infliyasiyasıdır, həm də daxildəki problemlərdən qaynaqlanır. Yeganə effektiv və tez başa gələ biləcək addım, dediyim kimi vergi və gömrük güzəştləridir. Belə olan halda əhalinin sosial vəziyyətinə də müsbət təsirlərdən söz açmaq olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR