“Azərbaycanın avtomobil bazarında fəallıq azalıb” - AÇIQLAMA

“Azərbaycanın avtomobil bazarında fəallıq azalıb” - AÇIQLAMA

“Azərbaycanın avtomobil bazarında fəallıq azalıb”.

Bunu Sfera.az-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər deyib. Müsahibimiz qeyd edib ki, bu, həm ikinci əl , həm də birinci əl avtomobillərə aiddir:

 

“Bu da mövsümü xarakter daşıyır – adətən iyul, avqust aylarında vəziyyət belə olur. Sentyabr, oktyabr aylarında isə bazar fəallaşır, tələb artır. Qiymət məsələsinə gəldikdə isə deyə bilərik ki, iyulun sonlarına doğru ölkəmizə idxal olunan yeni avtomobillərin qiymətində 2 faiz artım müşahidə edilib. Bu, Azərbaycanın avtonəqliyyat sahəsi və ya iqtisadiyyatımızla əlaqədar deyil – birbaşa olaraq istehsalçıların qiyməti yüksəltməsidir.  Onlar bunu ehtiyat hissələrinin, daşınma, logistika qiymətlərinin artımı ilə əlaqələndirirlər. Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti də bilirsiniz, yüksəldi. Lakin bu faktor Azərbaycan bazarında hər hansı seqmentdə avtomobil qiymətlərinin qəfil yüksəlməsi və ya azalmasına gətirib çıxarmadı. Sadəcə ikinci əl avtomobil bazarında hibrid, mühərrik həcmi kiçik olan və dizel mühərrikli avtomobillərə tələb artıb. Bu bazarda Aİ-95 benzin əsaslı avtomobillərə tələb bir qədər azalıb”.

 

Ekspert qeyd edib ki, yeni avtomobillərdə tələb və təklif olduğu kimi qalır:

 

“Aİ-95 və Aİ-98 markalı benzin o qədər bu tələblərə təsir etməyib. Onu da qeyd edək ki, bu gün artıq dünyada yeni tendensiya yaranıb. Atmosferə zərərli qazlar buraxmayan və ya karbon qazını az buraxan hibrid və elektromobillərə üstünlük verilir. Hazırda əsasən yeni avtomobil bazarında hibridlərə üstünlük verilir. O cümlədən əvvəlki illərə nisbətən bu ildən artıq elektriklə çalışan avtomobillərə maraq var. Bu da yanvarın 1-dən etibarən dövlətin elektrik mühərrikli və hibrid avtomobillərin ölkəmizə idxalını ƏDV-dən azad etməsindən irəli gəlir. Bu, təbii ki qiymətlərə təsir edib və bu avtomobillərin populyarlaşmasına gətirib çıxarıb. Vətəndaşlar hazırda belə maşınlara maraq göstərirlər. Bu ilin sonu, gələn ilin əvvəlləri biz artıq ölkəmizə idxal olunan hibrid və elektriklə çalışan avtomobillərin kifayət qədər payının artıdığını görə biləcəyik. Xüsusən də qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycanda avtomobil sahəsinin “elektrikləşmə dövrü” müşahidə olunacaq. Bunu keçid dövrü adlandıra bilərik, çünki həmin il Azərbaycanda elektriklə çalışan avtomobillər üçün infrastrukturların qurulması prosesi sürətlənəcək, bu növ avtomobillərin həm idxalı zamanı, həm də ölkə daxilində almaq istəyən vətəndaşlar üçün güzəştlər tətbiq ediləcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR