Paşinyan Putinə niyə zəng edib? – Telefon danışığının mümkün mövzuları

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu qeyd ediblər. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
Kremlin rəsmi məlumatında bildirib ki, söhbət zamanı Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib:
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”.
Məlum telefon danışığı barədə fikirlərini Sfera.az-la bölüşən beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin fikrincə, nəzərdə tutulmuş Moskva görüşü bu ay reallaşa bilər:
“Düşünürəm ki, Azərbaycan Prezidenti növbəti dövr üçün hədəflərini müəyyən edib. Bu hədəflərdən biri Zəngəzur məsələsidir. İlham Əliyev Zəngəzur məsələsini konkret reallaşdırmaqla bağlı ifadə səsləndirib, deməli, növbəti dəfə danışıq masasındakı mövzumuz Zəngəzurla bağlıdır. Bu mənada Ermənistan tərəfi Rusiya ilə danışıqlar aparır, indiki reallıqları qiymətləndirmək üçün Rusiyanın mövqeyini öyrənir”.
Ə.Əlibəyli bölgədə yeni reallıqların olduğunu bildirdi:
“Bu yaxınlarda “Qisas” antiterror əməliyyatı baş tutdu, “Azərsu” əməkdaşları Sərsəng su anbarına baxış keçirdi. Yəni, bizim 10 noyabr razılaşmasındakı gözləntilərimizin müəyyən hissələri doğrulmaqdadır və doğrulan gözləntilərimiz əslində kritik məqamları əhatə edir. Azərbaycan Ordusu qısa müddət ərzində dörd tərəfdən bütün zirvələri nəzarətə götürə bildi, bununla da həm rus sülhməramlıları, həm də erməni separatçılar nəzarətimizə düşmüş oldu . Bunların hamısı yeni reallıqlardır. Ermənistanı sülhə məcbur etməklə bağlı məsələ gündəmdədir”.
Yeganə