ABŞ yeni müharibəyə hazırlaşır: “Pentaqonda birbaşa toqquşmanın analizləri aparılır”

ABŞ yeni müharibəyə hazırlaşır: “Pentaqonda birbaşa toqquşmanın analizləri aparılır”

“Hazırda ABŞ üçün durum daha kritikdir - bir tərəfdən Ukraynada işğalçı müharibə aparan Rusiyaya, digər tərəfdən Tayvanı hərbi mühasirədə saxlayan və adanı ələ keçirməyə çalışan Çinə qarşı mübarizə aparmaq məcburiyyətindədir”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsində Rusiya və Çinlə birbaşa toqquşmanın analizləri aparılır:

 

“Təsadüfi deyil ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” qəzetinə müsahibəsində ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik” - deyən Kissincer Vaşinqtonun ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib çıxardığını vurğulayıb.  Henri Kissincerin vəzifə başında olduğu illərdə başlıca məqsədi iki böyük kommunist ölkəsi – SSRİ ilə Çinin bir-birinə yaxınlaşmasının qarşısını almaq idi və buna nail oldu. Vaşinqton Pekinlə yaxınlaşaraq Çinlə SSRİ-nin yaxınlaşmasına imkan vermədi”.

 

Ekspert qeyd edib ki, sonrakı illərdə və SSRİ-nin dağılmasıyla Vaşinqton bu konsepsiyadan imtina edib:

 

“Bu gün Çin SSRİ-nin varisi Rusiya ilə strateji əlaqələr qurub. Bu arada, Kremlin Ukraynada başlatdığı işğalçı müharibə fonunda Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinin həcmi artıb. Ötən il bu həcm 140 milyard dollar civarında idi.  Bu ilin 7 ayında ticarət həcmi 100 milyarda yaxınlaşıb. Bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 29 fazi çoxdur. Kisincerin mübarizəsi məhz buna qarşı idi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR