Paşinyanın təbrik nitqindəki pessimist notlar – Nə demək istəyirdi?

Paşinyanın təbrik nitqindəki pessimist notlar – Nə demək istəyirdi?

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü münasibətilə təbrik müraciəti ünvanlayıb.

“Ermənistan üçün müstəqillik təhlükəsizlik və qonşularla müntəzəm münasibətlər deməkdir”, deyə o söyləyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli deyib ki, sözügedən təbrik müraciətində diqqətçəkən bir neçə məqam olub - Paşinyan bu müraciətlə Ermənistan cəmiyyətinə müəyyən mesajlar verib:

 

“Birinci mesaj ondan ibarətdir ki, Ermənistan qonşularla münasibətlərini tənzimləyə bilmədiyinə görə müstəqil deyil və bu vəziyyət davam edəcəyi təqdirdə, heç zaman müstəqil olmayacaq. Nikolun “qonşular bizdən çox şey istəyir” sözləri çox güman ki, “qonşulara elə gəlir ki, biz çox şey istəyirik” fikirlərinin həzm etdirilməsinə xidmət edir. Bu o deməkdir ki, qonşuları, indiki şəraitdə Azərbaycan və Türkiyəni ermənilərin çox şey istəmədiyinə əmin etmədən münasibətlər tənzimlənməyəcək və təbii ki, Paşinyanın Ermənistan da müstəqil olmayacaq. Nikolun “əgər müstəqil olsaq, müstəqilliyimiz də olacaq” tezisi isə bir neçə başlıdır. Çünki həm Ermənistanın uzun illərdən bəri yürüdülən siyasət nəticəsində situasiyanın girovuna çevrildiyini ifadə edir, həm də çox güman ki, Rusiyanı hədəfə alır”.

 

Ekspert bildirib ki, Paşinyanın müraciətində “müttəfiqlik”lə bağlı ifadə olunan məqamlar da dolayısıyla bu “hədəf”ə işarə edir:

 

“Ermənistanın baş naziri Rusiyanın həm də Azərbaycanla müttəfiqlik, Türkiyə ilə tərəfdaşlıq münasibətlərinə diqqət çəkir. Demək istəyir ki, Ermənistanın mövcud reallıqları qəbul etməkdən, qonşularla münasibətləri tənzimləməkdən, iddialarından əl çəkməkdən başqa yolu yoxdur. Yəni Ermənistanın müstəqilliyi hazırda kənar faktorlardan asılıdır.  Rəsmi İrəvanın “Zəngəzur dəhlizi” ilə bağlı praktiki addımlar sərgilədiyini nümayiş etdirən bəzi faktları və Mqer Qriqoryanın sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin gözlənilən görüşü ilə bağlı açıqlamasını da nəzərə alsaq, Paşinyanın müstəqillik bəyannaməsinin 32-ci illiyi ilə bağlı müraciətini psixoloji kapitulyasiya aktı kimi də qəbul etmək olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR